Elman Rüstəmov: “Şokların iqtisadiyyata təsir kanalları məhdudlaşdırılıb”

İQTİSADİYYAT 21 okt 2020, 16:02

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrlərinin qatıldığı videokonfransda iştirak edib.


Mərkəzi Bankdan verilən məlumata görə, toplantı pandemiya dövründə qlobal maliyyə sistemində çağırışlar, maliyyə sabitliyinin qorunması və iqtisadi bərpaya dəstək, maliyyə sektorunda həyata keçirilən dəstəkləyici siyasətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.


Elman Rüstəmov bildirib ki, cari ildə dünyanın bütün ölkələri presedenti olmayan şoklar kombinasiyasına məruz qalıb və pandemiya ilə bağlı yaranmış vəziyyət dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da təsir göstərib.


Lakin əvvəlki illərdə yaradılmış makroiqtisadi idarəetmə platforması, maliyyə buferləri və uzun illər ərzində əldə etdiyimiz böhran idarəetmə təcrübəmiz bu şokların iqtisadiyyata və maliyyə sektoruna təsir kanallarını məhdudlaşdırıb.


Vurğulanb ki, qabaqlayıcı rejimdə həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub və daha dərin resessiyanın qarşısı alınıb.


Mərkəzi Bankın sədri iştirakçıları sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı da məlumatlandırıb.


O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələrində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb.


Əlavə edilib ki, dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top