İlham Əliyevin bu mövqeyi böyük rezonans doğurdu — ŞƏRH

TƏHLİL 03 sen 2020, 11:31

Rəsmi Bakı diplomatiya sahəsində yüksək pilotaj nümayiş etdirir


Bu günlər cəmiyyətimiz Azərbaycanın milli maraqlarının diplomatik dildə, amma çox açıq və konkret tərzdə müdafiə olunmasının şahididir. Siyasi ekspertlər iyul təxribatlarından sonra Ermənistanın intensiv silahlandırılmasına etiraz əlaməti olaraq Prezident İlham Əliyevin rusiyalı həmkarından izahat tələb etməsini, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusu ilə birgə hərbi təlimlər keçirməsini rəsmi Bakının siyasi iradəsinin və qətiyyətinin nümayişi, Azərbaycan və Türkiyə dövlətlərinin bütün məqamlarda bir-birlərinin yanında olduqlarını sərgiləməsini “bir millət, iki dövlət” tarixi ifadəsinin əməldə gerçəkləşdirilməsi kimi dəyərləndirirlər.


Prezident İlham Əliyevin bu əzmkar mövqeyi dünən – sentyabrın 2-də – Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul zamanı bir daha nümayiş etdirməsi ictimaiyyətdə böyük rezonans və razılıq hissi doğurub. Azərbaycan Prezidentinin yunan elçiyə söylədiyi fikirlər ildırım sürətilə saytlarda və sosial media şəbəkələrində yayılıb. Prezidenti alqışlayan, minnətdarlıq bildirən izləyicilərin sırasına Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qoşulub. Tvitter hesabında “Çox təşəkkürlər, cənab Prezident. Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik. Türkiyə də tərəddüdsüz hər zaman Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!” – deyə türkiyəli nazir yazıb.


Kipr və Ermənistanla birlikdə üçlük format yaratmaqla, sonuncu ilə hərbi əməkdaşlıq qurmaqla əslində rəsmi Afinanın Azərbaycana qarşı fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyevin yunan elçiyə dediyi sözlər dövlətimizin maraqlarının necə qorunmasının parlaq nümunəsidir.


“Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir” fikrini səsləndirən dövlət başçımız faktlarla  Yunanıstanın işğalçı və aqressiv davranışlı bir ölkənin yanında dayandığından təəssüfləndiyini ifadə edib.


O, düşmən Ermənistanla bağlı fikirlərini təkcə Yunanıstan tərəfə deyil, Rusiyanın da nəzərinə çatdırdığını qonağa söyləyib: “Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.


İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda – 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara əməl edən İlham Əliyev yunan səfiri ilə acıq danışaraq Azərbaycanın milli maraqlarının çox önəmli olduğunu, burada qapalı və qaranlıq heç bir məqamın olmadığını göstərib. İki ölkənin əməkdaşlığına mənfi təsir göstərən bir neçə məsələ arasında Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədar məsələdə rəsmi Afinanın anlaşılmaz və məyusedici davranışı yada salınıb.


“Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək. Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”, – deyərək, Prezident İlham Əliyev iki ölkə arasında əlaqələr kontekstində rəsmi Bakının qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, bu təmasların daha çox qarşı tərəfə faydalı ola biləcəyinə işarə edib.


Qəbulun ən maraqlı məqamlarından biri Prezidentin qardaş Türkiyənin maraqlarını müdafiə etməsi ilə bağlı olub. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdən söz açan İlham Əliyev qətiyyətlə bəyan edib ki, Azərbaycan tərəddüdsüz olaraq daim qardaş dövlətin yanındadır: “…bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”.


O, əlavə edib ki, yunan elçinin bununla bağlı rəsmi Bakının mövqeyini bilməsini istəyir: “Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.


Qeyd edək ki, Azərbaycan Prezidentinin qardaş Türkiyənin maraqlarını xaricilərin qarşısında müdafiə etməsi ilk dəfə baş vermir. 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə İlham Əliyev Türkiyənin təmsil olunmamasından sui-istifadə edərək çıxışını qondarma “erməni soyqırımı” ilə bağlı puç mülahizələrə həsr edən və Türkiyəni əsas tənqid hədəfi kimi seçən Ermənistan prezidenti Serj Sarkisyanı sərt cavabla susdurmuşdu. “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə–Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, – deyə İlham Əliyev bəyan etmişdi.


Azərbaycan Prezidenti işğalçı ölkə olan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri sadalamaqla, Xocalıda dinc vətəndaşlarımıza qarşı amansız soyqırımı xatırlatmaqla rəsmi Yerevanın məkrli simasını bütün dünyanın qarşısında ifşa etmişdi. Bu hadisə o zaman Türkiyə toplumunda və mediasında çox güclü rezonans doğurmuşdu.


İlham Əliyevin Ermənistanın indiki baş naziri Nikol Paşinyanı himayədarlarının və havadarlarının hüzurunda bir neçə dəfə rəzil duruma salmasına da bütün dünya şahiddir.


2019-cu il oktyabrın 4-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ – Azərbaycandır və nida işarəsi!” bəyanatını Paşinyanın himayədarının hüzurunda qətiyyətlə səsləndirərək rəsmi Yerevana layiqli yerini göstərdi.


Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında (12 oktyabr 2019-cu il) isə İlham Əliyev İkinci Dünya müharibəsi zamanı faşistlərlə əməkdaşlıq etmiş şəxslərin Ermənistanda qəhrəman kimi təqdim olunduqlarını, 2016-cı ildə Yerevanda faşistlərin əlaltısı hərbi cinayətkar Qaregin Njdeyə heykəl qoyulduğunu xatırladaraq tarixi arqumentlərlə Nikol Paşinyanı zavallı duruma saldı.


Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı isə Prezident İlham Əliyevin siyasi və dövlət xadimi kimi üstünlüyü işğalçı dövlətin hökumət başçısının bir neçə dəfə çaşmasına, yalan söyləməsinə, uydurma və dağınıq mövzulardan bəhs etməsinə, gülüş obyektinə çevrilməsinə səbəb oldu.


Prezidentin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”, “…əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, “kert” erməni dilində “şəhər” deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur”, “…Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” kimi vacib – dolğun və kəskin fikirləri qarşısında N.Paşinyan aciz qaldı.


Beləliklə, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan nümunə adlandırsaq, yanılmarıq. Rəsmi Bakı hücum diplomatiyasını gerçəkləşdirməklə, bu sahədə yüksək pilotaj nümayiş etdirməkdədir.(konkret.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top