Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir

GÜNDƏM 27 avq 2020, 13:32

Yeddi aydır ki, bəşəriyyətin başı üzərini almış koronavirus bəlası hələ də insanları qorxu altında saxlayır. Bu müddət ərzində  dünya iqtisadiyyatına külli miqdarda ziyan dəymiş, bir sıra müəssisə və təşkilatlar öz fəaliyyətini dayandırmış, kütləvi tədbirlər təxirə salınmışdır. Hətta vəziyyət o həddə çatıb ki, ölkələrarası diplomatik əlaqələr da müvəqqəti olaraq dayandırılıb. Azərbaycan dünyanın bir parçası olduğundan pandemiyanın zərərindən kənarda qalmamışdır. Ancaq digər ölkələrlə müqayisədə respublikamız ciddi itki ilə üzləşməmişdir. Bu müddət ərzində nəzərdə tutulan sosial, o cümlədən iri infrastruktur layihələrin icrası davam etdirlmiş, ölkəmiz humanist addım ataraq 30-dan çox ölkəyə maddi yardım göstərmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etmişdir.


Dövlət başçımızın təşəbbüsü ilə COVİD-19- la mübarizə ilə əlaqədar iki nüfuzlu beynəlxalq təşkilatın videokonfrans formatında zirvə görüşü keçirilmişdir.Ümumiyyyətlə, son 17 il ərzində, xüsusilə, koronavirusun bəşəriyyətin başı üzərini aldığı 7 ay ərzində  həyata keçirilən  uğurlu daxili və xarici  siyasət  əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı dönüş yaratmaqla yanaşı,  Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin  daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərmişdir.  Prezident İlham Əliyev bu müddət ərzində düşünülmüş şəkildə həyata keçirdiyi siyasi kurs sayəsində  Azərbaycan dünyada etibarlı tərəfdaş  kimi tanınır və  beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə  güclənir. Eyni zamanda, ölkəmiz  müstəqil  dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişafının  tərəfdarı kimi çıxış edir. Dünyanın qorxu altına düşdüyü bir vaxtda dövlət başçımızın təşəbbüsü ilə virvə görüşlərinin, həmçinin digər beynəlxalq tədbirlərin təşəbbüskarı olması  beynəlxalq ictimaiyyətin ölkəmizə  olan inamını daha da  artırır və Azərbaycanın çox etibarlı tərəfdaş kimi tanınmasında  və bölgədə sabitləşdirici rol oynamasında  mühüm  rol oynayır.


Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayıldığı və faciəvi nəticələrə gətirib çıxardığı bir vaxtda  Prezident İlham Əliyevin təşəbbüsü ilə mühüm əhəmiyyətli beynəlxalq tədbirlər də keçirilib. Əvvəlcə  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Prezident  İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.  Dövlət başçısının da qeyd etdiyi kimi,  fövqəladə zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan  addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda  bir-birinə  dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi olub. Həmçinin,  Azərbaycanın  ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməsi də diqqətə çatdırılıb.


Ardınca Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr  edilmiş “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda Zirvə görüşünün keçirilməsi də  beynəlxalq aləmin diqqət mərkəzində olub.  Bu təşkilatda 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə təmas qrupu formatında keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak etdi.


Beynəlxalq aləmdə diqqət çəkən əsas məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19- la mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilmsi oldu. Dövlət başçısının bu təşəbbüsünə qısa müddət ərzində  dünyanın 130-dan çox ölkəsindən dəstək gəldi və xüsusu sessiya öz işinə başladı.


Bundan başqa,  CISCO şirkətinin təşəbbüsü ilə  Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirildi.  Bir həftə sonra dövlətimizin başçısı daha bir tədbirə qatıldı. Mayın 22-də “Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirildi.


Yaxın günlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, Dövlət Departamentinin katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident Donald Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Evin rəhbərliyi altında həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılıb.


ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, W-GDP Fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan, qadınlara yönəlmiş biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək. Bundan əvvəl isə ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbayacana maliyyə dəstəyi ayırmışdı. 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək. Ümumiyyətlə, son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və bütövlükdə, müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub. Bu, ABŞ kimi qüdrətli bir dövlətin ölkəmizlə əməkdaşlığa göstərdiyi maraqdan irəli gəlir.


Faktlar da təsdiqləyir ki, bəşəriyyətin başı üzərini almış koronavirus kabusunun ciddi fəsadlar törətdiyi bir vaxtda Prezident İlham  Əliyev həm daxili, həm də xarici siyasət kursunun, eləcə də sosial proqramların  həyata keçirilməsi prosesində prinsipiallıq və qətiyyət nümayiş etdirir. Bu,Azərbaycanın dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir və reytinqini yüksəldir.

 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top