"Azərbaycan mövqeyindən geri çəkilməyəcək" — İlham Əliyevin çıxışı Moldova mediasında

SİYASƏT 14 iyl 2020, 00:33

“Azərbaycan mövqelərinin və Azərbaycan kəndlərinin atəşə tutulması Ermənistan ərazisindən həyata keçirilsə, o zaman rəsmi Bakı təbii olaraq düşmənə adekvat cavab verəcəkdir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.


Azərbaycan liderinin bugünkü çıxışı bütövlükdə rus dilində Moldovanın tanınmış “noi.md” saytında yerləşdirilib.


Demokrat.az həmin yazının əsas  məqamlarını diqqətinizə çatdırır.


Azərbaycanın Ermənistanla təmas xəttində döyüşlər yenidən başlayıb. İyulun 12-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini pozduğunu bildirib. Erməni təxribatını dəf edərkən üç Azərbaycan əsgəri şəhid olib, daha dörd nəfər yaralanıb. Eyni zamanda, erməni tərəfi məhz Azərbaycan ordusu tərəfindən atəşkəsin pozulduğunu açıqlayıb. Və guya Azərbaycan öz postunu günorta vaxtı adi bir UAZ markalı avtomobillə ələ keçirmək istəyib.


Hadisələrə Azərbaycanın reaksiyası sürətli və güclü olub. Ertəsi gün səhər ölkənin Müdafiə Nazirliyi erməni postunun vurulması və dağıdılması videosunu yayımlayıb.


Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb. Görüşün çox hissəsi təbii ki, mətbuat üçün qapalı formatda keçirilib.


Təhlükəsizlik Şurasının iclasını açan Azərbaycan dövlətinin başçısı dövlət sərhədində Ermənistanın bu cür təxribatlar təşkil etməsinin ilk dəfə olmadığını vurğulayıb.


“Dünən günortadan sonra bir neçə hərbi qulluqçumuz ermənilərin növbəti təxribatı nəticəsində ölüb. Gözlənilmədən hərbi mövqelərimiz atəşə tutulub, yaralanan hərbçilərimiz də var”. İlham Əliyev belə deyib.


Azərbaycan lideri şəhid olan hərbçilərin qisaslarının alındığını, erməni əsgərlərinin Azərbaycan torpaqlarına bir santimetr belə ayaq basmadığını xüsusilə qeyd edib.


Baş verənlər üçün bütün məsuliyyəti Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin üzərinə qoyub:


“Ermənistan bir tərəfdən beynəlxalq birliyə müraciət edir, Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin möhkəmləndirilməsinə kömək istəyir, digər tərəfdən hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə hücum edir, mülki əhalini, kəndlərimizi atəşə tutur və mövqelərimizi ələ keçirmək istəyir”.


Azərbaycan lideri Bakının beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərdiyini vurğulayıb. Üstəlik, Əliyev xarici ölkələrin hərbi nümayəndələrinin insidentin  baş verdiyi əraziyə dəvət olunacağını söyləyib:


“Beləliklə, bu hərbi təxribatı kimin həyata keçirdiyini, vəziyyəti kimin gərginləşdirdiyini görəcəklər”.


Azərbaycan Prezidenti eyni zamanda, Ermənistan hakimiyyətini atəşkəsi pozmağa sövq edən səbəblərə də toxunub.


Azərbaycan rəhbərinin sözlərinə görə, səbəb Ermənistanda hökm sürən xaosdur və vəziyyət böhran həddinə yaxınlaşmaqdadır:


“Hər kəs artıq vəd edilmiş (söhbət Paşinyan hakimiyyətinin “inqilab”dan sonra verdiyi vəddən gedir – red.) “rifahın” bir xəyal, yalan olduğunu başa düşür. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan hakimiyyətinin mesajı yalanın başqa bir əlamətidir. Bu mesajda, onlar məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar. Bütün müstəqil ekspertlər bunu təsdiqləyə bilər, heç bir səbəb olmadan hərbi postumuza artilleriya zərbəsi endirildi”.


“Bizim işimiz ədalətlidir, Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək” deyə İlham Əliyev vurğulayıb. (Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top