“Ermənistan cəmiyyəti müharibə istəmir, çünki onun nəticələrindən qorxur” — Politoloq

SİYASƏT 13 iyl 2020, 17:20

“Azərbaycanla Ermənistan sərhəddindəki son insident 2016-cı ilin 4 günlük aprel savaşından sonra tərəflər arasında ilk ciddi toqquşma sayıla bilər. 4 ildən sonra Azərbaycanın pilotsuz uçuş aparatları yenə erməni hərbi məntəqələrini hədəf seçdi və Azərbaycan Müdafiə Nazirliyi bu görüntüləri 4 il bundan əvvəl olduğu kimi internetdən yaydı. Bu sərhəddəki insidentin miqyasını göstərdi. Ümumiyyətlə, 2016-cı ilin aprel savaşı münaqişədə dönüş nöqtəsi sayıla bilər. Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o cümlədən Ermənistanın baş nazirinin Şuşada “andiçmə” mərasiminin təşkilinə səbrli yanaşacaq. Əgər bunu düşünürlərsə, demək Azərbaycan cəmiyyətini yaxşı tanımırlar. Bu təxribatlara dünyanın heç bir xalqı səbrli yanaşmaz, o cümlədən azərbaycanlılar da”. 


Demokrat.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra 2016-cı ilin aprelində düyməyə basıb. Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur:


“Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı, ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki arpel savaşının nəticəsi olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verib “mərhələli həll” planının reallaşmasına razılıq versəydi, sərhəddəki dünənki insident və buna bənzər hadisələr də baş verməyəcəkdi. Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə televiziya kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilmədi. Dövlət başçısı həmin müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupu həmsədlərin fəaliyyətinə qiymət verdi. Birincisi, prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu, İlham Əliyevin qiymətləndirməsidir. İkincisi, prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı. Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”. Dördüncüsü, prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyrçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi:


“On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!” . Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Beləliklə, Azərbaycan prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü. Əslində, bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurəti gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın”. Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu son deyil. Ermənistanın istənilən təxribatı müharibəni alovlandırmaq gücünə malikdir. Azərbaycanla Ermənistanın fərqi odur ki, Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün müharibə tələb edir. Misal üçün sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində müharibə tələbləri artıb, gənclərin küçələrə spontan axışı müşahidə edilib. Ermənistan cəmiyyəti isə müharibə istəmir, çünki onun nəticələrindən qorxur. Digər tərəfdən ermənilər yanlış olaraq düşünürlər ki, 1990-ci illərdə müharibədə qələbə çalıb istədiklərindən də artıq torpaq işğal ediblər və əsas məqsədləri bu nəticəni qorumaq və leqallaşdırmaqdır. Ancaq sərhəddəki insident göstərdi ki, nə işğalı leqallaşdırmaq, nə də qorumaq mümkündür. O biri tərəfdən danışıqlar nəticə vermirsə və verməyəcəyi bəllidirsə, lokal toqquşmalar və böyük müharibə qaçılmazdır. Ermənistanda yanlış olaraq onu da düşünürlər ki, hazırda Azərbaycan və Ermənistan qorxulu virusla mübarizə aparırsa və bu da faktiki müharibədirsə, Azərbaycan ikinci müharibəyə başlamayacaq. Sərhəddəki insident bu mülahizələrin yanlış olduğunu göstərdi. Pandemiya lokal toqquşmaların və ya müharibənin başlamasına mane olmur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top