"YAP siyasi proseslərdən kənardadır, rutin və mənasız işlərlə məşğul olur"

SİYASƏT 05 iyl 2020, 17:50

“Ölkədə maraqlı, bəzən izahedilməz, bəzən məntiqsiz, bəzən gizli, bəzən isə açıq siyasi proseslər baş verir. Formal olaraq hakim partiya sayılan YAP bu proseslərin heç birində qurum olaraq, siyasi partiya olaraq yer almayıb. Bu günə qədər o təşkilatdan nə tezislər, nə analiz, nə proqnozlar, nə də “vizioner” bir sənəd-çıxış görməmişik. Deməli, faktiki olaraq YAP siyasi proseslərdən kənarda qalıb, ancaq rutin və mənasız işlərlə məşğul olur”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

 

N.Cəfərli əlavə edib: “Bəs o zaman ölkənin idarəedilməsində qərarvermə mexanizmləri necə çalışır?! Görünən odur ki, Prezident Administrasiyası və ayrı-ayrı nazirliklər (Nazirlər Kabineti yox ha, məhz ayrı-ayrı nazirliklər) qeyri-formal idarəetmə mexanizmi vasitəsi ilə ölkəni idarə etməyə çalışırlar. Prezident, təbii ki, son qərarvermə mərkəzidir, amma bizim kimi qapalı sistemlərdə Birinci Şəxsə yaxın olmaq, ona xəbər aparmaq, ondan birbaşa tapşırıq almaq bütün formal mexanizmlərdən daha vacibdir. Son 2 ildə əsas görünən, hiss edilən məqam odur ki, Prezidentə birbaşa çıxışı olan insanların siyahısı dəyişib və bundan əvvəl belə bir resursdan məhrum olanlar ciddi narahatçılıq keçirirlər. Uzun illərdir ki, elitadaxili mübarizənin əsas məqsədi Prezidentə xəbər aparmaq, onunla birbaşa təmas qurmaq olub. Bir daha: İnstitutlaşmamış cəmiyyətdə birbaşa xəbər çatdırmaq kanalı çox böyük resurs hesab olunur.

 

Belə bir məqamda Administrasiya tərəfindən siyasi partiyalara danışıq təklif olunur, biz – ReAl olaraq bu təklifi dəyərləndirərək təmaslara razılıq verdik, tək ön şərt görüşlərin Administrasiyada deyil də, neytral bir məkanda olması idi və bu da qarşı tərəfdən anlayışla qarşılandı və təmaslar başladı. Mən digər siyasi partiyaların təmasları, və ya danışıqlardan imtinanı şərh etmək istəmirəm, hər kəsin bu məsələlərlə bağlı haqlı-haqsız fikirləri ola bilər. Sadəcə onu deyə bilərəm ki, görüşlərə qatılan digər siyasi partiyaların nə haqda danışdıqlarını bilmirik, amma REAL hər bir görüş haqqında açıq, şəffaf şəkildə ictimayyətə məlumat verir, bundan sonra da məlumatlandırma davam edəcək. Digər partiyalar da bu mövzuda şəffaf olsalar daha yaxşı olar, imtina edən partiyaların qərarı isə, yumşaq desəm, anlaşılan deyil – çünki, siyasi partiyaların və siyasətçilərin işi danışmaq, müzakirələr aparmaq, masada problemləri həll etməkdir. Və nə baş verdi?! ReAl sədri bütün görüşlər haqqında şəffaf məlumat verdikcə bəzi kəsmlərdən ünvanımıza təhqirlər, hətta uydurma yalanlar yağmağa başladı – özü də o kəsmlərdən ki, 30 ildir bu rejimlə bağlı qapılar arxasında yüz oyundan çıxıb, yüz anlaşmaya gediblər və əməlləri ilə bağlı bir dəfə də olsun ictimayyətə məlumat verməyiblər. Xub, əgər İlqar Məmmədov görüşləri ilə bağlı məlumat verməsəydi, sizin məlumatınız olmayacaqdı və üzərimizə çamur atmağa imkanınız da yaranmayacaqdı. İndi siz nəyi təşviq edirsiniz – açıq siyasi prosesi və bununla bağlı ictimai məlumatlandırmanı, ya bağlı qapılar arxasında 30 ilə yaxın davam edən qaranlıq sövdələşmələri?! Dialoqun, təmasların bir çox əhəmiyyəti var, amma ən vacib məsələlərdən biri ölkədə siyasi prosesləri sivil məcraya salmaq cəhdidir və qarşı tərəfin düşüncələrinə, məsələlərə baxışına birbaşa çıxış əldə etmək şansıdır – bu çox vacib məsələdir”.

 

O qeyd edib ki, illərdir müxalif camiya, sivil toplum öz içində qaynayırdı, daxili və xarici siyasət, iqtisadi və sosial məsələlərlə bağlı hakimiyyətdə təmsil olunanların fikirləri haqqında ancaq təktərəfli təsəvvürlər yaradırdı: “İndi isə bu təmaslar və danışıqlar bizdə hakimiyyətin ən üst səviyyəsinə birbaşa çıxışı olan insanların dünya görüşü, məsələlərə baxışı ilə bağlı aydın təsəvvür yaranır. Bu siyasət üçün çox vacib məsələdir və REAL təmsilçisi Erkin Qədirlinin də Parlamentdə olması, müxtəlif komissiya və komitələrdə iştirak etməsi, müzakirələrin “mətbəxində” olması partiyamız üçün əlavə üstünlüklər, məlumat alma imkanları yaradır. İndiki dövrdə məlumat ən böyük resursdur, “məlumatlısansa, deməli güclüsən”, prinsipi həmişə keçərlidir. Amma nə görürük?! Virtual aləmdə “fırtına yaratmağı” siyasət bilən bir qrup həm məlumatsızdı, həm də sərişdəsiz – onlaın yeganə məqsədi çamur atmaq, yalan satmaqdır. REAL-ın istənilən yönəticisi YouTube-də çıxış edən kimi bəlli marginal mərkəzdən əmr gəlir ki, hər birinin 10-20 arası (stildən və işlədilən sözlərdən bilinir) profili olan, təxminən 50-60 adam (bu da 500-600 profil deməkdir) həmən bizim çıxışlara "dislike" qoyur, çıxışın altında eyni məzmunlu cəfəngiyyat, söyüş, təhqir yazırlar – bu da olur o qrupun siyasi fəaliyyəti. Və bəzi səmimi insanlar da bu küyə qapılır, fikirləri qarışır, xora qoşulurlar. Çox zaman da həmin səmimi insanların çoxu xaricdə yaşayanlar, hətta kiril əlifbası ilə şərh yazanlar olur. Haşiyə: Xaricdə yaşayan soydaşlarımız ayrıca mövzudur, aralarında çoxsaylı dostlarımız, sevdiklərimiz insanlar var. Bir çoxları səmimidirlər, ölkədə ciddi dəyişikliklər istəyirlər, amma uzun illər ölkədən kənarda yaşamaqları onları "disconnect" edib – nəbzi tuta, məsələlərə obyektiv yanaşa bilmirlər. Onlarla daha yaxından işləmək, məsələlərə aydınlıq gətirmək lazımdır. Bəziləri də var ki, müxalif sözünə ləkədirlər, müxalifliyi təhqirdə-söyüşdı görürlər və onların dərdi ölkənin düzəlməsi deyil – tam tərsinə, biz bu rejimə qalib gəlib demokratik məmləkət qursaq Avropada və ABŞ-da, Kanadada müxtəlif üsullarla sığınacaq almış, hüquqi vəziyyətləri qeyri-müəyyən olanları həmin ölkələr geri – Azərbaycana göndərə bilərlər ki, bitdi də artıq, Əliyev rejimi yoxdur, qayıdın geri. Onlar isə ölkəyə qayıdıb nə iş görəcəklərini bilmirlər – qabiliyyət yox, savad yox, bu illər ərzində də üfunətli dil-üslubları ilə özlərinə Azərbaycanda çox sayda düşmən qazanıblar. Onlar ölkənin dəyişməsini istəmirlər, Avropa və ABŞ-Kanada vergi ödəyicilərinin belinə minib, pul alıb yaşayırlar. Bir qrup da var ki, onlar ayrıca mövzudur – Ölkədən kənarda yaşayırlar, amma burda olanları qınayırlar ki, niyə etiraz etmirsiniz, niyə danışıqlar edirsiniz, nədən mitiqə çıxmırsınız, yəni, məmləkətdə qalıb bütün çətinliklərə baxmayaraq nəsə iş görmək istəyən hər kəsi qınayırlar. Dostlar, yaxşı, BİZ burada nə edək ki, sizlər ORADA bizdən razı qalasınız?! Həbs olunaq, ölək, siz də fotolarımızı profil çəkli edib 3-4 gün sosial şəbəkələrdə şənimizə tərif deyib, sonra da öz iş-gücünüzlə məşğul olasınız?! Sonda bir daha: REAL-ın sədri bu günə qədər tək siyasi partiya rəhbəridir ki, prezident seçkilərində namizəd olacağını indidən bəyan edib, İlham Əliyevə rəqib olacağını, seçkidə onu məğlub etməyə çalışacağını açıqlayıb – başqa müxalif partiya liderlərindən də belə açıqlamalar olsa siyasət meydanı durular. REAL Partiyası bu rejimə, sistemə alternativ təşkilatdır, məqsədimiz formal adı YAP olan bu sistemi dəyişmək, onları, bu günə qədər sistemin çalışmasına, ayaqda qalmasına yardımçı olan hər bir siyasi partiyaları məğlub edərək məmləkətdə İnsan Sifətli Rifah Dövlətinin qurmaqdır!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 16:17
Top