Xüsusi sanitar rejim müddətində karantin nəzarətinə götürülmə qaydası müəyyənləşdi

SOSİAL 01 may 2020, 21:42

Nazirlər Kabineti  “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nı təsdiq edib.


Demokrat.az-ın məlumatına görə, Qaydalara əsasən, şava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Səhiyyə Nazirliyi  və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  təklifləri əsasında  Nazirlər Kabineti müəyyən edir. 


Bu Qaydalar aşağıdakı şəxslərə şamil olunur:


- yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə;


-  yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə.


Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi sanitar rejim müddətində tətbiq edilir.


Yoluxduğu güman edilən şəxslər sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər. Karantin müəssisəsinə yerləşdirilən şəxs ÜST-nin tövsiyələri nəzərə alınmaqla və Azərbaycan Respublikasında qüvvədə olan sanitariya-gigiyena qaydalarına və normalarına uyğun olaraq laboratoriya müayinəsindən keçirilir. Laboratoriya müayinələrinin keçirilməsi zərurəti, onların sayı və keçirilməsi tezliyi yoluxucu xəstəliyin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Yoluxucu xəstəliyin xüsusiyyətindən asılı olaraq laboratoriya müayinəsinin keçirilməsi tələb olunduqda, yoluxduğu güman edilən şəxslər ən azı 2  dəfə - karantin müəssisəsinə yerləşdirildikdə və karantin nəzarətinin sonunda laboratoriya müayinəsindən keçirilirlər. İlkin laboratoriya müayinəsinin nəticəsi neqativ olduqda, həmin şəxslər bu Qaydalarla müəyyən edilmiş müddətin qalan hissəsi ərzində yaşadıqları və ya olduqları yerdə bu Qaydalarda göstərilənlərə riayət etməklə karantin nəzarətinə götürülürlər. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxs karantin müəssisəsində saxlanılır. Karantin müəssisəsinə yerləşdirilmiş şəxsə onun hüquq və vəzifələri, yerləşdirildiyi müəssisədəki şərait və ona göstəriləcək xidmətlər, karantin nəzarətinin müddəti və onda yoluxucu xəstəlik aşkar edildiyi halda görüləcək tədbirlər barədə məlumat verilməlidir.


Karantin müəssisəsinə yerləşdirilmiş şəxs əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, bu Qaydalarda göstərilən məlumatlar, habelə onun vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin və ya konsulluğunun əlaqə məlumatları, həmin şəxsə onun başa düşdüyü dildə verilməlidir. Karantin müəssisəsində yerləşdirilmiş şəxslərin sağlamlıq vəziyyətinə nəzarət, ən azı hər 12 saatdan bir olmaqla, onlara təhkim edilmiş tibb işçiləri tərəfindən təmin olunur.  Karantin müəssisəsində yerləşdirilmiş şəxsin sağlamlıq vəziyyətində yoluxucu xəsətliyə xas olan dəyişiklik (temperaturun yüksəlməsi, respirator əlamətlər və s.) müşahidə olunduğu halda, həmin şəxs dərhal digər şəxslərdən təcrid olunmalı və laboratoriya müayinəsindən keçirilməklə tibbi çeşidləmə müəssisəsinə  göndərilməlidir. Laboratoriya müayinəsinin nəticəsindən asılı olaraq onun müalicəsi barədə yekun qərar qəbul edilir. Yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasının ərazisinə daxil olduqları vaxt laboratoriya müayinəsindən keçirilir və müayinənin nəticəsi əldə olunanadək yaşadıqları və ya olduqları yerdə bu Qaydalarda  göstərilənlərə riayət etməklə karantin nəzarətinə götürülürlər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top