“MTRŞ dövlət qurumudur, amma fəaliyyəti sıfırdı, biz onlardan çox iş görürük...” — Baba Vəziroğlu

SOSİAL 09 mar 2020, 13:12

“Murad müəllim müasir və dünya televiziyasının nə olduğunu bildir. Azərbaycan əgər dünya televiziyasının tərkib hissəsinə çevrilmək istəyirsə, nələri etməlidir, hansı istiqamətdə getməlidir bunu Murad müəllim bilir”

 

Bunu Moderator.az-a açıqlamasında şair, AzTV-də Bədii Şuranın üzvü Baba Vəziroğlu Xalq artisti Murad Dadaşovun Xəzər TV-yə direktor təyin edilməsinə və qalmaqala səbəb olan verilişi bağlamasından danışarkən deyib. B.Vəziroğlu bu telekanalda dəyişikliklərin olacağına ümidli olduğunu bildirib:

 

“Tolik özü televiziya üçün dəyərli aparıcıdır, şou əhlidir, o, televiziyada təsadüfi adam deyil. Sadəcə müğənnilər onu pis vəziyyətə qoydu. Bununla yanaşı, verilişin redaktoru ikinci hissədəki birabırçı vəziyyət kimi, birinci hissəni də kəsə bilərdi, çünki veriliş efirə gecikməylə gedir. Redaktorun səriştəsizliyi də buna səbəb oldu. Baş verənlər isə Azərbaycan tamaşaçısına çox böyük həqarət idi. Təsəvvür edin ki, Murad Dadaşov olmasaydı, başqa bir adam da verilişlə bağlı tədbir görərdi. Murad müəllim özü şou əhlində tanınmış bir simadır, KVN məktəbini keçib, Moskva televiyasından xəbərdardı və əlbəttə, ondan gözləntilərim çoxdur. Murad müəllim müasir və dünya televiziyasının nə olduğunu bilir. Azərbaycan əgər dünya televiziyasının tərkib hissəsinə çevrilmək istəyirsə, nələri etməlidir, hansı istiqamətdə getməlidir bunu Murad müəllim bilir. Onun aparıcısı olduğu “Maşın Şou” realiti verilişi kifayət edir ki, o, insan haqqında gözəl bir mütəxəssis, şou əhli və dərrakəli bir insan kimi fikirləşəsən”. 


B.Vəziroğlu özəl kanalların Bədii Şuranı sadəcə formal olaraq yaratdığını və heç bir fəaliyyət göstərmədiklərini deyib:

 

“Qaldı ki, özəl kanallar Bədii Şuranı sadəcə formal olaraq yaratmışdılar. Bir sözlə, prezidentin qorxusundan bunu yaratdılar, çünki ölkə başçısı dedi ki, “mənim təşəbbüsümlə AzTV-də yaradılan Bədii Şura bütün özəl kanallara da şamil olunmalıdır”. Ölkə başçısının çıxışının zahiri hissəsindən istifadə etdilər ki, biz Bədii Şura yaratdıq, amma fəaliyyət göstərmədi və heç göstərə də bilməzdi. Çünki özəl kanalların televiziya rəhbərləri pulun qoxusuna gedirlər. Bədii Şura isə ancaq buna mane ola bilər. Dövlət televiziyasında dörd telekanala nəzarət edən Bədii Şura üzvləri olaraq biz səs və səlahiyyət sahibiyik. Hər həftə bir dəfə toplantımız olur, gələcək verilişlər müzakirə olunur. Respublikanın bütün bölgələrində insanlarla görüşlər keçiririk, onların fikirlərini öyrənirik. Təsəvvür edin ki, həmin görüşlərdə isanlar bizə təkliflər verirlər, amma özəl kanallardan isə şikayət edirlər. Deyirlər ki, bu nə biabırçılıqdır, niyə efirdə keçə jarqonları işlədirlər? Şükür ki, belə bir biabırçı vəziyyət düzəlmək üzrədir”. 

 

B.Vəziroğlu Milli Televiziya və Radio Şurasının fəaliyyətsizliyindən şikayətlənib:


“Bu gün televiziyalarla bağlı Milli Televiziya və Radio Şurası fəaliyyət göstərir, dövlət qurumudur, amma bu qurumun fəaliyyəti yoxdur, sıfırdı. Təsəvvür edin ki, bizim AzTV-dəki Bədii Şuranın fəaliyyəti MTRŞ-dən min dəfə güclüdür, çünki biz praktik işlə məşğuluq. MTRŞ-də televiziya haqqında qanunu və cinayət məcəlləsini qarşılarına qoyub gözləyirlər ki, kimsə cinayət etsin və bunlar da tədbir görsün. Amma bu mənəvi cinayət heç yerdə yazılmayıb axı. Başa düşən insan görməlidir ki, mənəviyyat cinayəti baş alıb gedir. 

 

Hadisələr bu dərəcəyə gəlib çıxmalıydı ki, tədbir görülsün. Efirdə dünya azərbaycanlılarının qarşısında iki müğənninin “razborka”sı gedir. Mən təsadüfən həmin verilişə baxdım və dəhşətə gəldim ki, niyə bu hissəni “kəsməyiblər”. Baş verənlər Azərbaycan tamaşaçısının üzünə tərsinə bir sillə idi, elə yaxşı ki, oldu və buna məsul olan müəyyən qurumları oyatdı”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top