Ev kirayələyən şəxslər bəzən depozit, əvvəlcədən ödəniş və əlavə xidmət xərcləri ilə üzləşirlər. Müqavilə şərtləri aydın olmadıqda mübahisələr yarana bilər.
Bəs kirayəçi depozitini qorumaq üçün müqavilədə hansı şərtləri tələb etməlidir və ev sahibi pulu hansı əsaslarla saxlaya bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Amid Əsgərov bildirib ki, kirayə müqaviləsi bağlanarkən gələcəkdə yarana biləcək mübahisələri minimuma endirmək üçün şərtlər qanunvericiliyin tələblərinə uyğun və aydın şəkildə qeyd olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 688-ci maddəsi əmlak kirayəsi zamanı bron haqqı, beh və dəbbə pulu ilə bağlı məsələlərə aydınlıq gətirir:
"Belə ki, həmin maddəyə əsasən kirayədə marağı olan hər hansı şəxsin gələcəkdə kirayə müqaviləsi bağlanması məqsədilə ödədiyi haqq (bron və ya ehtiyatda saxlama haqqı) əgər kirayəyə verənə, onun müavinlərinə və ya vasitəçilərinə ödənilmişdirsə, kirayə müqaviləsinin bağlandığı zaman əmlak kirayəsi haqqının hesabına daxil edilir. Əgər vasitəçi daşınmaz əmlakla əqdlər üzrə maklerdirsə, bron haqqı əvvəlcə maklerin dövlət tarifləri əsasında hesablanan muzdunun hesabına gedir və yalnız qalan hissə əmlak kirayəsi haqqının hesabına daxil edilir (688.1.1).
Kirayə müqaviləsi bağlanması məqsədilə ödənilən haqq (bron və ya ehtiyatda saxlama haqqı) iki aylıq kirayə haqqının məbləğindən yüksəkdirsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt geri tələb edilə bilər (688.1.2).
Kirayə müqaviləsi kirayədə marağı olan şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə müqaviləsinə zidd olaraq kirayəçinin əşyaya sahibliyə başlaması imkanı təmin edilməzsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən vaxt tamamilə geri tələb edilə bilər (688.1.3).
Əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir (688.2).
Yaşayış otaqlarının kirayəsi halında kirayəçinin ziyanına olaraq yuxarıda qeyd edilən maddələrin tələblərindən kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur (688.3).
Bundan əlavə yaşayış otağını kirayəyə verənin kirayəçidən dəbbə pulu ödənilməsi barədə öhdəlik almasına əsas verən razılaşmanın qüvvəsi yoxdur (688.4).
Beləliklə tərəflər arasında kirayə müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri nəzərə alınmaqla qarşılıqlı razılıq əsasında əldə edilmiş şərtlərin aydın şəkildə müqavilədə qeyd edilməsi tövsiyyə olunur".


