Bir neçə il əvvələ qədər Azərbaycanda avtomobil alanların əsas üz tutduğu bazarlardan biri Gürcüstan idi. Lakin son illərdə alıcıların seçimində dəyişiklik müşahidə olunur və Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələrdən avtomobil gətirilməsi daha çox gündəmə gəlir.
Bəs azərbaycanlılar niyə Gürcüstan avtomobil bazarından uzaqlaşıb Çin bazarına yönəlirlər və bu dəyişimin əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Demokrat-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, əvvəllər Gürcüstan bazarından avtomobil almağımızın əsas səbəblərindən biri sərhədin açıq olması idi.

Onun sözlərinə görə, Gürcüstana gedir, avtomobillərə baxır, bəyəndiyimizi seçir və alırdıq:
"Sonradan belə bir şans yarandı ki, biz Gürcüstandan, misal üçün, 20 min manata aldığımız avtomobili hərracda 8-9 min manata ala biliriksə və üstünə müəyyən yol xərci gəlirsə, avtomobil bizə 15-16 minə başa gəlirsə, biz niyə bunu Gürcüstandan almalıyıq?
Bu kimi meyl yarandı və insanlar artıq Amerikadan hərrac vasitəsilə avtomobil almağa başladı. Bu meyl başlayandan bir qədər sonra artıq pandemiya ilə əlaqədar sərhədlər bağlandı. Sərhədlər bağlandıqdan sonra da insanlar artıq uyğunlaşaraq Amerikadan maşın gətirməyə başladılar.
Amma mən inanmıram ki, sərhədlər açılsa, Amerikadan maşın seçib 3 ay, 5 ay gözləyənlərin kiçik bir qismi , təxmini 10-15 faizi , gedib Gürcüstandan avtomobil gətirəcək. Hazır, gözü ilə gördüyü avtomobili seçənlər olacaq.
Amma digər bazarlara, hansı ki, Koreyadan gətirirlər, Çindən gətirirlər. Çin məsələsi də artıq, yəqin ki, bir qədər çətinləşəcək. Bu Çinin daxili qaydalarına görə, 6 aydan tez maşınların ölkədən çıxmaması məsələsi və 2027-ci ildən digər şərtlərin olacağı haqda Çin mediasında gedən məlumatlara əsasən avtomobil ixracı üçün əlavə şərtlər nəzərdə tutulur . Yəni bu kimi məsələlərdən sonra Çindən də avtomobil gətirilməsi artıq əvvəlkindən fərqli olaraq səngiyəcək.
İkinci əl avtomobillər üçün optimal Amerika və Koreya olacaq. Yaponiya bazarından da, əlbəttə, maşınlar var və gəlir. Ümumi götürsək gələn işlənmiş maşınlarda olan problemlər, gətirən adamlarla istehlakçı arasında yaranan mübahisələr, verilən vədlərin düzgün olmaması bu kimi hallara görə artıq onların da bazar payının yaxın dövrlərdə bir qədər azalacağını düşünürəm. Yəni yaxın bir il ərzində artıq bu kimi şəxslərin də bazar payı getdikcə aşağı düşəcək".


