Hava

Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI

Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI

Payızın gəlişi ilə Azərbaycanda yağışlı hava şəraiti hökm sürür. Qarşıdakı aylarda yağıntıların artacağı və intensiv olacağı gözlənilir. Bakıda hələlik yağıntılar nisbətən az olsa da, əvvəlki illərdə olduğu kimi güclü yağışlar zamanı paytaxtda subasma hallarının yenidən yaşana biləcəyi narahatlıq doğurur.

Bu il də Bakıya normadan artıq yağış yağacaq? Paytaxt yağıntı sezonuna nə dərəcədə hazırdır? Əvvəlki illərlə müqayisədə müsbət dəyişiklik və ya hazırlıq varmı?

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı "globalinfo.az"a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənovanın sözlərinə görə, oktyabr ayı ərzində ölkə üzrə aylıq yağıntının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir:

"Eyni zamanda, bu ayın ayrı-ayrı günlərində intensiv və leysan xarakterli yağıntılar ehtimal olunur. Oktyabrın 6-7-si üçün də Bakı və Abşeron yarımadasında fasilələrlə yağış, bəzi yerlərdə isə qısamüddətli intensiv leysan gözlənilir. Burada mühüm məqam odur ki, aylıq yağıntının normadan artıq olması ilə qısa müddətdə güclü leysan yağması eyni şey deyil. Bakı üçün əsas təhlükə bəzən böyük həcmdə aylıq yağıntı deyil, çox qısa müddətdə böyük miqdarda suyun şəhərin küçələrinə düşməsidir.

Belə vəziyyət drenaj və yağış-kanalizasiya sistemlərinin imkanlarını ciddi şəkildə sınağa çəkir. Son illərlə müqayisədə müsbət dəyişikliklərdən biri odur ki, 2026-cı ilin yanvarında "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı" təsdiqlənib. Proqramın əsas məqsədlərindən biri intensiv yağışlar zamanı subasma risklərinin azaldılmasıdır. Sənəd çərçivəsində su, kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur".

İB sədri bildirib ki, bu, əvvəlki illərlə müqayisədə mühüm yanaşma fərqidir:

"Problem yalnız yağış yağdıqdan sonra suyun çəkilməsi kimi yox, daha geniş şəhər infrastrukturu məsələsi kimi qiymətləndirilir. Hazırda Bakı və Abşeronun müxtəlif ərazilərində kollektor, kanalizasiya layihələri icra olunur. Məsələn, Pirşağı hövzəsində ümumi uzunluğu 33 kilometr olan kollektorun və yeni nasos stansiyasının tikintisi həyata keçirilir.

Layihənin Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Kürdəxanı kimi ərazilərdə su və kanalizasiya problemlərinin həllinə, həmçinin subasma hallarının azaldılmasına xidmət etməsi nəzərdə tutulur. Müşfiqabad hövzəsində isə kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır və subasma risklərinin azaldılması da layihənin gözlənilən nəticələri sırasında göstərilir".

Ekoloq qeyd edib ki, hazırkı yağışlı hava şəraitində aidiyyəti qurumların gücləndirilmiş iş rejiminə keçməsi də müsbət haldır:

"İri Şəhərlərin Su Təchizatı QSC-nin məlumatına görə, intensiv yağışlar zamanı həssas ərazilərdə xidmət gücləndirilib, yağış və tullantı suları şəbəkələrinin təmizlənməsi aparılır. Küçə və prospektlərdə, körpüaltı ərazilərdə, qəsəbələrdə yağış sularının idarə olunması üçün tədbirlər görülür. Suların mövcud xətlərə və kollektor sistemlərinə yönləndirilməsi üçün texnikalar da cəlb edilir. Bu tədbirlər göstərir ki, yağış mövsümünə hazırlıq əvvəlki illərlə müqayisədə daha sistemli xarakter almağa başlayıb.

Bakının subasma problemini yalnız kanalizasiya xətlərinin çatışmazlığı ilə əlaqədar deyil.

Şəhərin sürətli tikinti və urbanizasiya prosesi, asfalt və beton səthlərin genişlənməsi, təbii su axınlarının dəyişməsi, bəzi ərazilərdə yağış sularının toplanması üçün kifayət qədər imkanların olmaması da problemi artırır. Əsas məsələ yağışdan sonra deyil, əvvəl hazır olmaqdır. Bakı üçün ən düzgün strategiya yağış suyunu düzgün idarə etməkdir.

Bunun üçün yağış kollektorlarının və drenaj xətlərinin mütəmadi təmizlənməsi, problemli küçələrin əvvəlcədən müəyyənləşdirilməsi, nasos stansiyalarının texniki hazırlığının daim nəzarətdə saxlanılması, yeni tikililərdə yağış sularının idarə olunmasının layihələndirmənin məcburi hissəsinə çevrilməsi, asfalt və betonlaşmanın mümkün qədər balanslaşdırılması, yaşıllıq, su keçirən səthlərin artırılması, həmçinin güclü yağışlar zamanı operativ xəbərdarlıq sisteminin təkmilləşdirilməsi vacibdir".