Türkiyənin Azərbaycanın sabiq səfiri Hulusi Kılıç Azərbaycana qarşı səsləndirilən tənqid və hücumlarla bağlı açıqlama verib.
Hulusi Kılıç "Can Azərbaycanımıza hücum edənlərə mesajım" başlığı ilə paylaşdığı açıqlamada Türkiyə və Azərbaycan xalqlarının münasibətlərinin mahiyyətindən danışıb.
O bildirib ki, Türkiyə və Azərbaycan xalqları bir ailədir və bu baxımdan iki ölkə "bir millətdir".
"Can Azərbaycanın qarşı haqsız, məsuliyyətsiz və şüursuz şəkildə edilən tənqid və hücumlar ailəmizə qarşı yönəlib. Bu haqsız, məsuliyyətsiz və şüursuz hücumlar bizi sevməyənləri sevindirir", – sabiq səfir qeyd edib.
Kılıç Türkiyə-Azərbaycan münasibətlərinin uzun tarixi köklərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qardaşlıq Çanaqqala döyüşləri zamanı azərbaycanlıların türk əsgərləri ilə çiyin-çiyinə döyüşməsi və şəhid olması kimi tarixi hadisələrdən başlayır.
O, iki ölkə arasındakı münasibətlərin 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndiyini bildirib. Sabiq səfir qeyd edib ki, sənəd sonradan hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənib.
"Azərbaycan xarici siyasətini özü müəyyən edir"
Hulusi Kılıç Azərbaycanın suveren və müstəqil dövlət olduğunu xüsusi vurğulayıb.
"Azərbaycan suveren və müstəqil dövlətdir. Xarici siyasətini keçmişdə ölkələrlə həyata keçirdiyi və gələcəkdə həyata keçirəcəyi strateji əməkdaşlıq, hədəflər və maraqlar əsasında özü müəyyən edir", – deyə o bildirib.
Sabiq səfir bununla bağlı heç kimin Azərbaycana müdaxilə etmək və fikir bildirmək hüququnun olmadığını söyləyib:
"Heç kimin buna qarışmağa və söz söyləməyə haqqı yoxdur."
Qeyd edək ki, Hulusi Kılıç 2010–2014-cü illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

