Yeni tikililərdə mənzil alan vətəndaşların əmlak vergisi ilə bağlı öhdəlikləri mənzilin hüquqi statusundan və sahibinin müəyyən kateqoriyaya aid olub-olmamasından asılı olaraq dəyişə bilər. Xüsusilə çıxarışsız mənzillərdə əmlak vergisinin tətbiqi və təqaüdçülər üçün güzəştlərin olub-olmaması sual doğurur.
Təzə binalarda, çıxarışsız mənzillərdə yaşayan təqaüdçülər əmlak vergisindən azaddırlarmı?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a bildirib ki, əmlak vergisi, eyni zamanda sığorta və bu kimi digər vergi öhdəliklərini ehtiva edən addımlar müvafiq qanunvericilikdə, Azərbaycan dövlətində yeni yanaşmaların tətbiq edilməsi ilə hazırlanır.

Vüqar Orucun sözlərinə görə, yeni yanaşmada ola bilsin ki, vergilər artıq konkret subyektə, yəni vətəndaşa görə deyil, ona məxsus olan əmlakın dəyərinə görə hesablansın.
"Bu da həmin əmlakların mütləq qiymətləndirilməsini zəruri edir. Yeni yanaşmada həm əmlak vergisi, həm də icbari sığorta üçün evlərin və mənzillərin qiymətləndirilməsi zərurəti var. Bu da qiymətləndirmə sektorunun inkişafına, böyüməsinə və real bazar dəyərlərinin müəyyən olunmasına, eyni zamanda vətəndaşların dövlət büdcəsinə şəffaf qaydada vergi ödəməsinə gətirib çıxaracaq. Bu isə verginin Azərbaycan dövlətinin güclü olmasına, Azərbaycan Ordusunun güclü olmasına və Azərbaycanın bir dövlət kimi büdcəsinin qarşıda qoyulan islahatların həyata keçirilməsi üçün imkanlara malik olmasına gətirib çıxara bilər. Qısa müddət ərzində sənədsiz evlərin sənədlə təmin olunmasından sonra Azərbaycanda kifayət qədər vergi subyekti olacaq. Bu vergi subyektləri həm əmlak vergisinin, həm də icbari sığortanın ödənişlərini həyata keçirəcəklər. İqtisadi sistem bu sənədləşmə prosesinin həyata keçirilməsindən sonra yeni iqtisadi subyektlər qazanacaq ki, bu da ölkənin iqtisadi inkişafına böyük və ciddi bir təkan olacaq. Vergiyə gəlincə, vergidən azadolma yoxdur. Amma mülkiyyət yoxdursa, bir obyektə görə vergi vermək də qanunvericiliyə uyğun deyil. Hər bir vətəndaş onun mülkiyyətində olan daşınmaz əmlaka görə vergi vermək məcburiyyətindədir, yəni dövlət qarşısında belə bir öhdəliyi var. Amma çıxarışı yoxdursa, bu, onun mülkiyyətində deyil deməkdir. Mülkiyyətində deyilsə, onunla bağlı vergi öhdəliyi nəzərdə tutulmur", - deyə Vüqar Oruc fikrini tamamlayıb.


