Dünyanın müxtəlif bölgələrində rekord temperatur göstəricilərinin qeydə alındığı bir vaxtda yeni araşdırma isti havanın sağlamlığa təsirlərinin düşünüldüyündən daha geniş olduğunu ortaya qoyub.
Demokrat.az xəbər verir ki, “Science Advances” jurnalında yayımlanan araşdırmada yüksək temperaturla əlaqəli 30-dan çox müxtəlif sağlamlıq problemi müəyyən edilib.
Bunların arasında dəri səpgiləri, bədəndə şişkinlik, kəskin böyrək çatışmazlığı, dağınıq skleroz tutmaları, psixi və davranış pozuntuları, həmçinin həşərat dişləmələri və sancmaları yer alıb.
Tədqiqatçılar 2011-2023-cü illərdə Çikaqoda təcili yardım və təcili tibbi yardım mərkəzlərinə edilən təxminən 1 milyon müraciəti analiz ediblər. May-sentyabr aylarında qeydə alınan 1803 müxtəlif diaqnoz araşdırılıb və temperatur artımı ilə əlaqəsi mümkün olan xəstəliklər müəyyənləşdirilib.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də yüksək temperaturun travma və zorakılıq halları ilə əlaqəli olmasıdır. Alimlər hücumlar, silahla bağlı hadisələr və müxtəlif qəzalar da daxil olmaqla 23 fərqli xəsarət və zəhərlənmə növünün isti dövrlərdə arta bildiyini bildiriblər.
Mütəxəssislər qeyd edirlər ki, şəhərlərdə “istilik adası” effekti səbəbindən temperatur daha yüksək ola bilər. Buna görə də xüsusilə isti hava dalğaları zamanı böyrək problemləri və orqanizmdə maye balansının pozulması kimi fəsadların diqqətlə izlənilməsi vacibdir.
Tədqiqatçılar bununla yanaşı, araşdırmanın yalnız Çikaqo məlumatlarına əsaslandığını və nəticələrin digər şəhər və iqlimlər üzrə aparılacaq araşdırmalarla təsdiqlənməli olduğunu vurğulayıblar.
Jalə Demokrat.az


