Avtomobil qəzası zamanı qarşı tərəfin icbari sığortasının olmaması sürücülər üçün əlavə problemlər yaradır. Belə hallarda zərərçəkmiş sürücünün öz sığorta şirkətinə müraciət edərək avtomobilinin təmir xərclərinin qarşılanmasını tələb edib-etməyəcəyi məlum olmur.
Bəs bu istiqamətdə qanunvericilikdə hər hansı dəyişiklik edilibmi?
Demokrat.az-a bu barədə açıqlama verən sığorta mütəxəssisi Şahin İsmayılov qeyd edib ki, qəza zamanı qarşı tərəfin icbari məsuliyyət sığortasının olmaması mahiyyətcə heç nəyi dəyişmir.

Onun sözlərinə görə, qarşı tərəfin sığortası yoxdursa, sığortasız sürücü kimi 50 manat cərimə olunacaq:
“Ancaq ona dəymiş zərər hadisədə günahkar olan sürücünün məsuliyyət sığortasına əsasən qarşı tərəfə ödəniləcək. Avtomobillərin icbari sığortasının olmamasına görə sürücü dərhal cərimələndiyindən, çox nadir hallarda icbari sığortası olmayan avtomobillərə təsadüf olunur”.
Mütəxəssis qeyd edib ki, ola bilər, avtomobilin icbari sığortasının müddəti bitsin və sürücünün bundan xəbəri olmasın:
“Bu da qeyd etdiyim kimi, nadir hallarda rast gəlinən hal olduğuna görə, bu məsələdə qanunvericilikdə hansısa dəyişiklik edilməsinə ehtiyac duyulmur”.


