“Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına 258 milyon manat vəsaitin ayrılması muxtar respublikanın inkişafında yeni mərhələnin başlanmasına mühüm töhfə verəcək. Son 20 il ərzində dövlət büdcəsindən Naxçıvana hər il yüz milyonlarla manat vəsait ayrılıb. Bu vəsaitlər blokada şəraitində muxtar respublikanın sosial-iqtisadi inkişafının təmin edilməsinə, təhlükəsizliyinin möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edib.
Lakin dövlət başçımızın Naxçıvana 17-ci səfəri çərçivəsində ayrılan 258 milyon manat vəsait daha konkret layihələrin və proqramların həyata keçirilməsinə yönəldiləcək. Bu layihələr Naxçıvanın yalnız sosial-iqtisadi inkişafına deyil, həm də regional iqtisadi və nəqliyyat əlaqələrinin mühüm mərkəzinə çevrilməsinə geniş imkan yaradacaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, son illərdə Prezident İlham Əliyev tərəfindən Naxçıvanın inkişafı ilə bağlı çoxsaylı sərəncamlar imzalanıb, mühüm dövlət proqramları qəbul olunub və irimiqyaslı layihələrin icrasına başlanılıb:
“12 avqustda ayrılmış 258 milyon manat vəsaitin əsas istiqamətləri sırasında yeni məktəblərin tikintisi, çoxmərtəbəli binaların təmiri, yolların yenilənməsi, içməli və suvarma suyu sistemlərinin qurulması, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və digər mühüm infrastruktur işləri nəzərdə tutulur.
Bununla yanaşı, Naxçıvan şəhərinin yeni Baş Planına uyğun olaraq yaşıllıq zonalarının genişləndirilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və ekoloji baxımdan daha əlverişli nəqliyyat sisteminin formalaşdırılması istiqamətində də mühüm addımlar atılacaq. Muxtar respublikaya elektriklə işləyən müasir avtobusların gətirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir.
Ümumiyyətlə, dövlət başçımızın Naxçıvana səfəri çərçivəsində təməli qoyulan Naxçıvan Sənaye Parkı muxtar respublikada məşğulluq məsələlərinin həllinə mühüm töhfə verəcək. 310 hektar ərazidə yaradılacaq sənaye parkı müasir texnologiyaların tətbiqinə, rəqabətqabiliyyətli məhsulların istehsalına, yeni müəssisələrin fəaliyyətə başlamasına və yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açacaq.
Bundan əlavə, muxtar respublikada DOST mərkəzlərinin və ASAN xidmət mərkəzlərinin yaradılması, günəş elektrik stansiyalarının tikintisi, dəmir yolunun yenidən qurulması, eləcə də Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi inkişafı və məşğulluq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Naxçıvanda 2026–2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafı ilə bağlı Dövlət Proqramının icrası nəticəsində aqrar sektora yanaşmalar da müasirləşəcək. Suvarma sistemlərinin yenidən qurulması, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının istehsal imkanlarının genişləndirilməsi regionun aqrar potensialından daha səmərəli istifadəyə şərait yaradacaq.
Bütün bunlar Naxçıvanda istehsal gücünün artırılmasına, sahibkarlığın inkişafına, yeni investisiyaların cəlb olunmasına və əhalinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verəcək.
Beləliklə, həyata keçirilən layihələr Naxçıvanın iqtisadi potensialını daha da gücləndirməklə yanaşı, muxtar respublikanın Azərbaycanın ümumi iqtisadi sistemində və regionun nəqliyyat-logistika xəritəsində rolunu əhəmiyyətli dərəcədə artıracaq”, - deyə deputat fikrini tamamlayıb.


