Maraqlı

Faydası az olacaq: Qəhvə içmək üçün ən pis vaxtın adı açıqlandı

Faydası az olacaq: Qəhvə içmək üçün ən pis vaxtın adı açıqlandı

Qəhvənin hansı vaxtda qəbul edilməsi insanın gümrahlığına, yuxu keyfiyyətinə və ümumi sağlamlıq vəziyyətinə təsir göstərə bilər. Bundan əlavə, uyğun olmayan vaxtda içilən qəhvə narahatlıq və əsəbilik yarada bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır.

Mütəxəssislərin sözlərinə görə, qəhvə yuxuya getməyi çətinləşdirə və yuxunun keyfiyyətini pisləşdirə bilər. Kofeinin təsiri bir neçə saat, bəzi hallarda isə daha uzun müddət davam etdiyindən əksər insanlara yatmazdan təxminən səkkiz saat əvvəl qəhvə içməmək tövsiyə olunur. Bəzi insanlarda kofeinin təsiri hətta 24 saata qədər hiss oluna bilər.

Qəhvə diqqəti artırmağa, ayıqlığı gücləndirməyə və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək etsə də, bu təsir uzunmüddətli olmur. Mütəxəssislər bildirirlər ki, bir fincan qəhvədən təxminən dörd-altı saat sonra insan enerjisində kəskin azalma hiss edə bilər.

Bu səbəbdən mütəxəssislər imtahan və ya vacib iş ərəfəsində bütün gecəni oyaq qalmaq üçün qəhvəyə güvənməyi məsləhət görmürlər. Qəhvə qısa müddət ərzində ayıq qalmağa kömək etsə də, sonradan yuxusuzluğun yaratdığı mənfi təsirlər nəticələrə mənfi təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, qəhvə qanda şəkərin səviyyəsinin tənzimlənməsinə və insulinə davamlılıq riskinin azalmasına da kömək edə bilər. Bununla belə, günün sonrakı saatlarında içilən qəhvə bu baxımdan səhər qəbul edilən qəhvə qədər effektiv olmaya bilər.

Qəhvə içərkən başqa nələrə diqqət yetirmək lazımdır?

Tez-tez baş ağrısından əziyyət çəkən şəxslərə qəhvə qəbulunda sabit rejimə riayət etmək tövsiyə olunur. Demək olar ki, hər gün qəhvə içən insanlar bir gündən çox müddət qəhvə qəbul etmədikdə baş ağrısı ilə qarşılaşa bilərlər. Əksinə, adətən qəhvə içməyən insanlarda isə hətta bir fincan qəhvə belə güclü baş ağrısına səbəb ola bilər.

Əgər qəhvə içməyə öyrəşməmisinizsə, onu ilk dəfə iş müsahibəsi, təqdimat və ya vacib görüşdən əvvəl qəbul etmək məsləhət görülmür. Bəzi insanlarda qəhvə narahatlıq, əsəbilik və ya titrəmə yarada bilər ki, bu da özünəinamı azalda bilər.

Mütəxəssislər qəhvənin bəzi dərmanlarla qarşılıqlı təsirini də nəzərə almağı tövsiyə edirlər. Qəhvə ürək ritmində pozuntuya meyilli insanlarda ürək döyüntüsünə təsir göstərə və arterial təzyiqi yüksəldə bilər.

Bundan əlavə, bəzi insanlarda qəhvə içdikdən dərhal sonra tualetə getmək ehtiyacı yaranır. Əgər yaxın vaxtlarda buna imkan olmayacaqsa, qəhvə qəbulunu təxirə salmaq daha məqsədəuyğundur.

Jalə Demokrat.az

D
demokrat.az