Rusiyada son iki ay ərzində Moskva ətrafında "Pançir" hava hücumundan müdafiə (HHM) sistemləri üçün təxminən 24 yeni qüllə inşa edilib. Bu barədə peyk görüntülərini təhlil edən OSINT tədqiqatçısı Jembob məlumat yayıb.
Araşdırmaya görə, yeni obyektlər Moskva ətrafında təxminən 40 kilometrlik radiusda əlavə müdafiə halqası formalaşdırır. Bundan başqa, paytaxtın yaxınlığındakı strateji əhəmiyyətli obyektlərin ətrafında da ayrıca HHM mövqeləri yaradılıb.
Tədqiqatçı bildirir ki, hazırda Moskvanın 50 kilometrlik zonasında "Pançir" sistemləri üçün təxminən 79 qüllə, bu ərazidən kənarda isə daha 8-9 qüllə mövcuddur. Bundan əlavə, bölgədə 30-a yaxın yerüstü buraxılış meydançası və Moskva binalarının damlarında yerləşdirilmiş bir neçə "Pançir-SMD" kompleksi müəyyən edilib. Ümumilikdə Moskva və ətrafında yaxın mənzilli HHM sistemləri üçün 125-ə yaxın mövqe qeydə alınıb.

"Son iki ay ərzində Moskva ətrafında təxminən 24 yeni qüllə tikilib. Bununla da paytaxtın ətrafında yeni müdafiə xəttinin genişləndirilməsi davam edir", – deyə Jembob bildirib.
Araşdırmada vurğulanır ki, bu rəqəmlər döyüş növbəsində olan komplekslərin sayını deyil, onların yerləşdirilməsi üçün hazırlanmış mövqeləri əks etdirir. Obyektlərin bir hissəsi yüksək keyfiyyətli peyk görüntüləri ilə təsdiqlənsə də, bəziləri hələlik ehtimal olunan mövqelər kimi qiymətləndirilir.
Məlumata görə, yeni qüllələrin bir qismi Moskva Neft Emalı Zavodu, Vnukovo hava limanı və Rusiya Prezidenti Vladimir Putinin iqamətgahı kimi strateji obyektlərin yaxınlığında yerləşir. Həmçinin iri elektrik yarımstansiyalarının və digər enerji infrastrukturunun mühafizəsi məqsədilə də yeni HHM mövqelərinin yaradıldığı ehtimal olunur.
Bundan əlavə, Moskva ətrafında S-400 zenit-raket kompleksləri üçün iki yeni mövqe də aşkar edilib. Araşdırma müəllifləri bu obyektlərin təyinatının hələ tam təsdiqlənmədiyini bildirirlər.
Qeyd edək ki, məlumat OSINT (açıq mənbələrin kəşfiyyat təhlili) tədqiqatçısı Jembobun peyk görüntüləri əsasında hazırladığı araşdırmaya əsaslanır və Rusiya rəsmiləri bu barədə rəsmi açıqlama verməyiblər.


