Maraqlı Özəl

Alimlər açıqladı: ikinci uşaq ana beynində fərqli dəyişikliklər yaradır

Alimlər açıqladı: ikinci uşaq ana beynində fərqli dəyişikliklər yaradır

Hamiləliyin qadın orqanizmində ciddi dəyişikliklərə səbəb olduğu məlumdur. Lakin yeni araşdırmalar göstərir ki, ikinci hamiləlik zamanı ana beynində ilk hamiləlikdən fərqli proseslər baş verir.

Demokrat.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 110 qadının hamiləlikdən əvvəl və sonrakı beyin görüntülərini araşdıraraq ilk dəfə ana olan qadınlarla ikinci dəfə ana olanların beyin dəyişikliklərini müqayisə ediblər.

Araşdırmanın nəticələrinə görə, ikinci hamiləlik də beynin quruluşu və fəaliyyətində dəyişikliklər yaradır. Lakin bu dəyişikliklər ilk hamiləlik zamanı müşahidə olunanlardan fərqli bölgələrdə daha çox nəzərə çarpır.

Tədqiqatçılar bildiriblər ki, ikinci hamiləlik zamanı xüsusilə diqqət sistemi, ətraf mühitin qavranılması və beyin şəbəkələri arasındakı əlaqələrdə mühüm dəyişikliklər müşahidə olunur.

Alimlərin fikrincə, bu proses ananın eyni anda bir neçə uşağın ehtiyaclarını izləməsinə və yeni həyat şəraitinə uyğunlaşmasına kömək edən təbii mexanizmlə bağlı ola bilər.

Araşdırmada həmçinin müəyyən edilib ki, ilk hamiləlik zamanı dəyişikliklər daha çox ana-övlad bağı, sosial münasibətlər və emosiyaların qavranılması ilə əlaqəli beyin sahələrində baş verir. İkinci hamiləlikdə isə xarici mühitə diqqət və çoxsaylı tapşırıqları idarə etməyə kömək edən sistemlər daha çox aktivləşir.

Tədqiqatçılar ikinci hamiləlik zamanı boz maddədə, beyin əlaqələrində və sinir şəbəkələrinin fəaliyyətində dəyişikliklər aşkarlayıblar. Bu proses beynin zəifləməsi deyil, yeni şəraitə uyğunlaşması və funksiyalarını daha səmərəli yerinə yetirməsi kimi qiymətləndirilir.

Alimlər hesab edirlər ki, bu araşdırmalar gələcəkdə hamiləlik və doğuşdan sonrakı dövrdə anaların psixoloji sağlamlığını daha yaxşı anlamağa, mümkün problemləri erkən müəyyən etməyə və dəstək imkanlarını artırmağa kömək edə bilər.

Leyla Demokrat.az

D
demokrat.az