Maraqlı Özəl

Alimlər siqaret çəkmək qədər ömrü qısaldan amili açıqladı

Alimlər siqaret çəkmək qədər ömrü qısaldan amili açıqladı

ABŞ-nin “Oregon Health & Science Universitetinin alimləri müəyyən ediblər ki, davamlı olaraq sutkada yeddi saatdan az yatan insanlar statistik olaraq daha qısa ömür sürürlər. Tədqiqat göstərib ki, yuxu çatışmazlığı ömür uzunluğuna qidalanma, fiziki aktivlik və sosial tənhalıqdan daha güclü təsir göstərir.

Demokrat.az xəbər verir ki, bu barədə “rynekzdrowia.pl” məlumat yayıb.

Araşdırmada ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən 2019–2025-ci illərdə toplanmış ümummilli statistik məlumatlardan istifadə olunub.

Məqalədə bildirilir ki, nəticələr birmənalı olub. Tədqiq edilən amillər arasında yuxu ömür uzunluğunu proqnozlaşdıran ən güclü göstəricilərdən biri kimi qiymətləndirilib. Onun təsiri qidalanma, fiziki aktivlik və sosial təcriddən daha yüksək olub. Ömrün qısalmasına yuxudan daha güclü təsir göstərən yeganə amil isə siqaret çəkmək olub.

Tədqiqatın həmmüəllifi, professor Endryu MakHill bildirib:

“Bu qədər güclü əlaqə gözləmirdik. Mən yuxu fizioloquyam və onun faydalarını yaxşı bilirəm. Lakin keyfiyyətli yuxu ilə gözlənilən ömür uzunluğu arasındakı əlaqənin bu qədər güclü olması məni təəccübləndirdi”.

Onun sözlərinə görə, hər bir yetkin insan hər gecə 7–9 saat yatmalıdır.

Araşdırma yuxunun bioloji mexanizmlərinə həsr olunmasa da, alimlər xatırladıblar ki, yuxu ürək-damar sisteminin fəaliyyəti, immun sisteminin normal işləməsi və beyin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, yuxu pozuntularının bir çox xroniki xəstəliklə əlaqəsi elmi cəhətdən sübut olunub.

MakHill qeyd edib ki, insanlar bəzən yuxunu sonradan kompensasiya edilə biləcək bir ehtiyac kimi qəbul edirlər. Lakin bu araşdırma göstərir ki, yuxu qidalanma və fiziki aktivlik qədər vacib prioritet olmalıdır. Çünki o, təkcə insanın özünü necə hiss etməsinə deyil, həm də nə qədər uzun ömür sürməsinə təsir göstərir.

Jalə Demokrat.az

D
demokrat.az