Qara zirə (Nigella sativa) toxumları müxtəlif yeməklərdə, xüsusilə Hindistan mətbəxində ədviyyat kimi istifadə olunur. Bu bitki antioksidant və iltihabəleyhinə xüsusiyyətlərinə görə əsrlərdir xalq təbabətində də tətbiq edilir.
Demokrat.az xəbər verir ki, bu barədə "Rynek Zdrowia" nəşri yazıb.
Yaponiyanın Osaka Metropolitan Universitetinin alimlərinin apardığı son tədqiqat göstərib ki, qara zirə toxumunun ekstraktı piylənmə ilə əlaqəli xəstəliklərin qarşısının alınmasında faydalı ola bilər. Professor Akiko Kojima-Yasanın rəhbərlik etdiyi tədqiqat qrupu bu nəticəyə hüceyrə kulturları üzərində aparılan təcrübələr və könüllülərin iştirakı ilə keçirilən klinik sınaqlar əsasında gəlib.
Təhlil qara zirə toxumlarının flavonoidlər və fenollar kimi antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik birləşmələrlə zəngin olduğunu təsdiqləyib.
Laboratoriya şəraitində piy toxumasının kök hüceyrələri üzərində aparılan təcrübələr zamanı müəyyən edilib ki, qara zirə ekstraktı hüceyrələrdə yağ yığılmasını əhəmiyyətli dərəcədə azaldır və eyni zamanda toksik təsir göstərmir.
Bundan əlavə, ekstrakt piy toxumasının yaranmasını tənzimləyən genlərin aktivliyini də azaldıb. Bu isə onun yağ toxumasının inkişafını ləngidə biləcəyini göstərir.
Klinik araşdırmada könüllülərdən ibarət bir qrup səkkiz həftə ərzində hər gün bir xörək qaşığı (5 qram) üyüdülmüş qara zirə toxumu qəbul edib. Digər qrup isə bu müddət ərzində heç bir qida əlavəsi qəbul etməyib.
Nəticələr göstərib ki, qara zirə qəbul edən iştirakçıların qanında triqliseridlərin, "pis" xolesterinin (LDL) və ümumi xolesterinin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda "yaxşı" xolesterinin (HDL) səviyyəsi yüksəlib. Nəzarət qrupunda isə belə dəyişikliklər müşahidə olunmayıb.
Tədqiqat müəllifləri bildiriblər ki, lipid profilinin yaxşılaşması ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskinin azalması ilə əlaqələndirilir.
Onların fikrincə, əldə olunan nəticələr qara zirə toxumlarının yağ toxumasının inkişafının qarşısının alınması və qanda lipid səviyyəsinin tənzimlənməsi məqsədilə funksional qida məhsulu kimi istifadə oluna biləcəyini göstərir.
Professor Akiko Kojima-Yasa qeyd edib ki, bu nəticələr gələcəkdə piylənmə ilə əlaqəli xəstəliklərin profilaktikasında yeni tətbiqlərə yol aça bilər.
"Qara zirənin maddələr mübadiləsinə təsirini araşdırmaq üçün uzunmüddətli və genişmiqyaslı klinik tədqiqatlar aparmağa ümid edirik. Xüsusilə onun diabet zamanı insulinə davamlılığa və iltihab göstəricilərinə təsiri bizi maraqlandırır", deyə professor bildirib.
Jalə Demokrat.az


