Qusar rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. 1975-ci il təvəllüdlü İsa həmin gün, saat 22 radələrində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruq zərbələri ilə qardaşı Əlinin (adlar şərtidir – red.) sifət nahiyəsinə vuraraq, ona xəsarətlər yetirib.
Faktla bağlı İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsir bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 22 radələrində birgə yaşadıqları evdə qardaşı Əli ilə aralarında yaranmış mübahisə zamanı yumruq zərbələri ilə onun sifət nahiyəsinə vurub. O, törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, qardaşının ona qarşı heç bir şikayəti olduğunu deyib.
Təqsirləndirilən şəxs bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edib və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edib.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


