Sosial Özəl

Tıxacda keçən saatlar aqressiya və yorğunluq yaradır — Terapevt

Tıxacda keçən saatlar aqressiya və yorğunluq yaradır — Terapevt

Müasir meqapolislərdə və böyük şəhərlərdə hər gün yaşanan tıxaclar sadəcə nəqliyyat problemi deyil, həm də fərdlərin həyat keyfiyyətini birbaşa aşağı salan ciddi sosial-psixoloji amildir. Hər gün səhər işə və ya axşam evə tələsən insanların yollarda uzun müddət vaxt itirməsi onlarda daimi təlaş və gərginlik hissi yaradır. Xüsusilə qapalı məkanda və məhdud mühitdə saatlarla qalmaq sürücü və sərnişinlərdə güclü psixoloji basqı, mənəvi yorğunluq və emosional ağırlıq formalaşdırır.

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, tıxac həyat keyfiyyətini, ilk növbədə, psixoloji baxımdan aşağı salır:

“Çünki insanların daimi tıxacda qalması, xüsusilə də bağlı məkanda uzun müddət olması onlara mənfi təsir göstərir. Hətta pəncərə açıq olduqda belə, bu vəziyyət insanlarda psixoloji gərginlik yaradır. İnsanlar əsasən səhər işə gedərkən və axşam işdən qayıdarkən tıxacla qarşılaşırlar. Bu da adətən səhər doqquza yaxın və axşam altıya yaxın saatlarda baş verir. Hər iki halda insanlar təlaş içində olur. Bir tərəfdən işə gecikmək, digər tərəfdən isə evə gec çatmaq narahatlığı yaranır. Bu vəziyyət insanlara psixoloji ağırlıq və basqı verir. Uzun müddət qapalı və sıx mühitdə qalmaq isə, təəssüf ki, insanların mənəvi və psixoloji durumuna ciddi təsir göstərir”.

O deyib ki, bəzi hallarda insanlar tıxac səbəbindən gün ərzində planlaşdırdıqları işləri vaxtında çatdıra bilmirlər:

“Bu da əlavə əsəb, aqressiya və yorğunluq yaradır. Xüsusilə böyük şəhərlərdə hər gün eyni vəziyyətlə qarşılaşmaq insanlarda stressin daimi hala çevrilməsinə səbəb olur. Tıxac zamanı yaranan səs-küy və havanın çirklənməsi də insanların sağlamlığına mənfi təsir edən amillər sırasındadır. Uzunmüddətli gərginlik həm psixoloji, həm də fiziki problemlərə yol aça bilər. Buna görə də tıxac probleminin həlli yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda insanların həyat keyfiyyəti ilə bağlı vacib sosial məsələlərdən biridir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova