Ağrı dağının ətəyində onilliklərdir sirrini qoruyan qəribə qaya formasiyası yenidən dünya elminin diqqət mərkəzinə düşüb. İndi hamı eyni sualı verir: Doğrudanmı minilliklərin əfsanəsi olan o nəhəng gəmi məhz burada torpağa gömülüb?
Demokrat.az xəbər verir ki, amerikalı tədqiqatçı Endryu Cons Türkiyənin şərqində yerləşən həmin ərazidə aparılan son elmi araşdırmaların nəticələrini paylaşıb. Consun "GB News" kanalına verdiyi müsahibədə bildirdiyinə görə, müasir texnologiyalar bu sirli strukturun sadəcə təbiət hadisəsi olmadığını sübut edir.
Hələ 1959-cu ildə fərqinə varılan gəmi formalı bu yerin altında yeraltı radarlar vasitəsilə qeyri-adi tunellər və mərkəzi boşluqlar qeydə alınıb. Tədqiqatçı qeyd edir ki, geofiziki üsullar və infraqırmızı görüntülər dağın dərinliyində gizlənən bu quruluşun müəyyən plan əsasında formalaşdığını ortaya qoyur. Consun fikrincə, belə bir simmetriya təsadüfi ola bilməz və birbaşa insan fəaliyyətinə işarə edir.
Məsələnin ən maraqlı tərəfi isə laboratoriya analizləridir. 2024-cü ildə ərazidən götürülən 88 torpaq nümunəsi göstərir ki, qaya formasiyasının daxilindəki torpaqda üzvi maddələrin miqdarı ətrafdakı sahələrdən kəskin fərqlənir. Xüsusilə, bu ərazidə kaliumun səviyyəsi 38 faiz daha yüksəkdir. Üstəlik, dağın bu hündürlüyündə dəniz canlılarına aid fosil qalıqlarının tapılması ərazinin nə vaxtsa böyük su kütləsi altında qaldığını təsdiqləyən ciddi dəlillər arasındadır.
Yəni, alimlər Ağrı dağındakı gəmi formalı qayaların altında süni şəkildə yaradılmış boşluqlar və qədim dəniz qalıqları tapıblar ki, bu da Nuhun gəmisi ilə bağlı iddiaları daha da gücləndirir.
İsmayıl Demokrat.az


