Axşam saatlarında qidalanma ilə bağlı qorxularınızın çoxu əslində sadə qaydaya əsaslanır. Maddələr mübadiləsi gün batdıqdan sonra dayanmır, sadəcə bədənimiz enerjini xərcləmək əvəzinə özünü bərpa etməyə köklənir.
Demokrat.az xəbər verir ki, dietoloq Anna Şeyfer saat 18:00-dan sonra yemək yeməyin fiquraya birbaşa ziyan vurmadığını deyib.
Həkimin sözlərinə görə, çəki artımında əsas rolu yeməyin saatı deyil, gün ərzində qəbul edilən ümumi kalori miqdarı oynayır. Lakin axşam saatlarında bədəndə insulin səviyyəsi təbii olaraq yüksəldiyi üçün insan kalorili qidalara daha çox meyil edir. Xüsusilə insulininə qarşı həssaslığı olan şəxslər üçün gec saatda yeyilən artıq kalorilər daha sürətlə piy qatına çevrilə bilər. Maddələr mübadiləsi sağlam olan insanlar üçün isə əsas şərt gün ərzindəki rasion balansını qorumaqdır.
Yatmazdan 3-4 saat əvvəl şam etmək ən ideal variant hesab olunur. Bu müddət ərzində orqanizm qidanı tam həzm edir və yuxu zamanı bədənə artıq yük düşmür. Əgər yatmağa yaxın aclıq hissi yaranarsa, yoqurt, kəsmik, tərəvəz və ya bir ovuc qoz-fındıqla yüngül qəlyanaltı etmək olar. Gecə saatlarında ağır və yağlı yeməklər qəbul etmək həm mədə qıcqırmasına səbəb olur, həm də yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır.
Yəni, saat 18:00-dan sonra yemək olar, amma əsas məsələ nəyi və nə qədər yeməyiniz, həmçinin yatmazdan bir neçə saat əvvəl dayanmağınızdır.
İsmayıl Demokrat.az


