Kriminal Özəl

"Qızlara söz atdığı üçün ona dəfələrlə xəbərdarlıq etmişdim"

Qızlara söz atdığı üçün ona dəfələrlə xəbərdarlıq etmişdim

Sabirabad rayonunda 46 yaşlı kişi qızlara söz atan qonşusuna xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsində baş verib. 1979-cu il təvəllüdlü Ayaz evlərinə gedərkən yolda Yavərlə (adlar şərtidir – red.) ilə qarşılaşıb.

O, Yavərə kənar şəxslərə söz atmasına görə iradını bildirməsi səbəbindən aralarında mübahisə baş verib. Həmin mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şillə ilə sifət nahiyəsinə, təpiklə isə qasıq nahiyəsinə vurub.

İş üzrə ifadə verən Ayaz özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər məhkum olunub və hazırda məhkumluğu ödənilməyib:

“Subayam, fərdi əməklə məşğul oluram. Zərərçəkmiş şəxs mənim qonşumdur. Yavərlə əvvəllər heç bir ədavətim və düşmənçiliyim olmayıb. Qızlara söz atdığı üçün Yavərə dəfələrlə iradımı bildirmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, bu ilin yanvarın 19-da yaşadığı evin qarşısında küçədə dayanan zaman yavər onun yanından keçib və qarşıda gedən qızlara söz atıb: “Bu səbəbdən də Yavərə yaxınlaşaraq böyük kimi onun sifət nahiyəsindən şillə ilə, daha sonra təpiklə yan nahiyəsindən yüngül vurdum. Sonra isə ona dedim ki, qızlarla qardaş-bacı kimi rəftar etmək lazımdır”.

İş üzrə zərərçəkmiş Yavərin sözlərinə görə, 2011-ci ildə anadan olub, orta məktəbin 9-cu sinif şagirdidir:

“Sabirabad şəhərində ailəm birlikdə yaşayıram. Təqsirləndirilən Ayaz qonşuluqda yaşadığından onu tanıyıram. Əvvəllər aramızda hər hansı mübahisə və münaqişə baş verməyib”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 19-da məktəbdən yaşadığı evə qayıdarkən küçədə Ayazın dayandığını görüb: “Ayazın yanından keçərkən mənə qızlara söz atdığımı bildirdi və şillə ilə sifət nahiyəmdən, təpiklə qasıq nahiyəmdən vurdu. O, mənə şillə ilə vurduqdan sonra oradan uzaqlaşdı. Mən isə babamın evinə getdim. Babamgilə çatdıqdan sonra Ayazın məni vurmasını bildirdim. Bundan sonra babam təcili yardım stansiyasına zəng vurdu və həkimlər çağırışa gəldilər. Ağrılarım çox olduğundan məni Sabirabad rayon mərkəzi xəstəxanasına apardılar. Xəstəxanada müəyyən olundu ki, müxtəlif bədən xəsarətləri almışam”.

Zərərçəkmiş əlavə olaraq bildirib ki, o, qızlara söz atmayıb, təqsirləndirilən şəxs onu səbəbsiz yerə vurub. O, təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu deyib.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Ayaz 7 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli bu ilin fevralın 19-dan hesablanması qərara alınıb.

Qeyd edək ki, Ayaz bundan əvvəl dəfələrlə məhkum olunub. O, ilk dəfə 1998-ci ildə məhkum olunub. Daha sonra isə 2001 və 2010-cu illərlə oğurluq etdiyi üçün uzun müddətli məhkum olunub. 2014-cü ildə narkotik əldə etməkdə, 2022-ci ildə isə yenidən oğurluq etdiyi üçün məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova