Bakının Sabunçu rayonunda sürücülərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq onlardan pul qoparmaqda şübhəli bilinən şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxt sakinləri avtomobillərinin nömrələrinin yoxa çıxması ilə bağlı polisə müraciət ediblər.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 33 yaşlı Həsən Səfərli saxlanılıb. Araşdırmalar göstərib ki, o, nömrələri çıxardıqdan sonra avtomobillərin üzərində öz mobil nömrəsini qoyurmuş. Sürücülər həmin nömrə ilə əlaqə saxladıqda isə dövlət qeydiyyat nişanlarını geri qaytarmaq müqabilində onlardan nağd pul tələb edib. Saxlanılan şəxsin paytaxtın digər ərazilərində də bənzər cinayətlər törətdiyi üzə çıxıb.
Polis əməkdaşlarının keçirdiyi digər tədbir zamanı daha bir cinayətkar tutulub. Əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov avtomobillərin şüşəsini qıraraq pul oğurlamaqda və obyektlərdən əlvan metallar talamaqda şübhəli bilinir. Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Demokrat.az


