Bakıda özünü “həkim” kimi təqdim edən və guya əl enerjisi ilə insanları sağaltdığını iddia edən şəxsin saxlanılması müzakirələrə səbəb olub. Müxtəlif dövrlərdə bu cür “alternativ müalicə” üsulları ilə insanlara kömək etdiyini iddia edən şəxslər ortaya çıxır və bəzi vətəndaşlar da onlara inanaraq müraciət edirlər. Habelə, son günlər sosial şəbəkələrdə paylaşılan video da müzakirələrə səbəb olub. Görüntülərdə azərbaycanlı şəxsin iri çəlləkdəki zeytun yağının üzərinə Quran ayələri oxuduğu əks olunub. Həmin şəxs artıq neçə gündür bu proseslə məşğul olduğunu və yağın xüsusi şəkildə hazırlandığını bildirib.
Mövzu ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyir ki, burada müəyyən mənada plasebo effekti var:

“Bu effektdən adətən həkimlər istifadə edir. Həkim ilk növbədə psixoloji olaraq xəstəyə inam verir ki, o sağala bilər: “Sən sağalacaqsan, hər şey yaxşı olacaq”. Bu psixoloji dəstək bəzən müalicə prosesində mühüm rol oynayır. Lakin son dövrlərdə görürük ki, plasebo effektindən yalnız həkimlər deyil, başqa insanlar da istifadə etməyə başlayır. Cəmiyyətdə həmişə elə şəxslər olub ki, onlar həkimə müraciət etmək əvəzinə falçılara, seyidlərə, bioenerjidən və ya parapsixologiyadan danışan insanlara üz tuturlar. Bu isə əsasən insanların məlumatsızlığı ilə bağlıdır. Halbuki, məsələn, insanın onurğasında hər hansı tibbi problem varsa, onu yalnız həkim müalicə edə bilər. Bununla belə, insanın düşüncələri də böyük əhəmiyyət daşıyır. Psixoanalizin banisi Ziqmund Freyd də qeyd edirdi ki, düşüncə dəyişdikdə həyat da dəyişə bilər”.
Onun sözləriinə görə, bu səbəbdən bəzi insanlar həmin şəxslərin yanına böyük ümidlə gedirlər:
“Əvvəlcədən “mən sağalacağam” düşüncəsini qəbul edirlər. Beləliklə, şüuraltına verilən bu siqnal insanın özündə müəyyən psixoloji dəyişiklik yaradır. İnsan düşündüyünə inanır və bəzən bu inam onun özünü daha yaxşı hiss etməsinə səbəb olur. Bəzi hallarda insanlar həqiqətən də “mən sağaldım” deyə düşünürlər və bunu öz inancları ilə əlaqələndirirlər. Əgər bu insanlar doğrudan da iddia etdikləri kimi ciddi xəstəlikləri sağalda bilsəydilər, onların fəaliyyətinə qarşı hüquqi tədbirlər görülməzdi. Belə bir qabiliyyət həqiqətən mövcud olsaydı, bu xidmətlər bu qədər ucuz olmazdı və dövlət də bundan faydalanmağa çalışardı”.
Leyla Turan Demokrat.az


