Venesuela ABŞ-yə 100 milyon dollar dəyərində qızıl tədarük edib. ABŞ-nin daxili işlər naziri Duqlas Berqamın bildirdiyinə görə qiymətli metal artıq 6 mart tarixində ölkəyə çatıb.
Demokrat.az rusiya mətbuatına istinadla bildirir ki, bu qızılın sənaye və kommersiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır.
Vaşinqton və Karakas arasında əldə olunan razılaşmaya əsasən, Venesuelanın dövlət şirkəti "Minerven" dünyanın ən böyük treydinq şirkətlərindən biri olan "Trafigura"ya 1 tona qədər qızıl külçə satacaq. Həmin qızıl daha sonra ABŞ zavodlarına çatdırılacaq.
Bu sövdələşmə həm də siyasi əhəmiyyət kəsb edir. Venesuela qızılının əvvəllər olduğu kimi Türkiyə və ya İrana deyil, birbaşa ABŞ-a göndərilməsi tərəflər arasında buzların əriməsindən xəbər verir. Razılaşmadan əldə olunan vəsaitin Venesuela hökumətinə və xalqına yönəldiləcəyi bildirilir.
Bu iqtisadi addımdan dərhal sonra ABŞ Venesuelanın yeni hökumətini rəsmən tanıdığını elan edib. Nazir Berqamın bu razılaşmanı əldə etmək üçün şəxsən Venesuelaya səfər etməsi prosesin Vaşinqton üçün prioritet olduğunu göstərir.
İsmayıl Demokrat.az


