Siyasət Özəl

İranın Naxçıvana hücumu siyasi böhran yaradacaq — Deputat

İranın Naxçıvana hücumu siyasi böhran yaradacaq — Deputat

“ABŞ və İsrailin son hücumları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan edərək, öz xoş niyyətini və neytrallığını sübut edib. Amma qarşı tərəfin ölkəmizə göstərdiyi bu münasibət çox məyusedici oldu. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumları ciddi şəkildə qarşıdurma yaratmağa hədəflənib”.

Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıyla yanaşı, regionda gərginliyin artmasına xidmət edir:

“Baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməli, və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməlidir. Bu dövlətimizin tələbidir. Azərbaycan heç bir zaman qonşuluq prinsiplərinə zidd addım atmayıb və heç bir zaman İranın ərazisinə qarşı hər hansı bir iddiada olmayıb. Hazırda mövcud olan İran və ABŞ-İsrail münaqişəsi başlayan gündən Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb. Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı açıqlama verib. Azərbaycan İranla sərhəd-keçid məntəqəsindən keçidi təmin edərək, həm İrandakı digər ölkə vətəndaşlarını, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə də şərait yaradıb. Bütün bunların qarşılığında İranın Naxçıvana dronla hücumu, mütləq siyasi böhran yaradacaqdır”.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova