"Bu hücumlar göstərir ki, İranın mövcud molla rejimi təkcə öz xalqı üçün deyil, region və dünya üçün də ciddi təhlükə yaradır".
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, İranın Naxçıvana və digər strateji obyektlərə dron zərbələri endirməsi faktiki olaraq beynəlxalq hüququn və qonşuluq normalarının açıq pozulmasıdır:
"Azərbaycan uzun illər ərzində İrana qarşı heç bir hərbi, iqtisadi və ya diplomatik təzyiqlərdə iştirak etməyib, hətta dinc dövrlərdə belə Tehran tərəfindən müxtəlif təhdidlərə məruz qalıb. Buna baxmayaraq, Bakı həmişə konstruktiv mövqe göstərib, qonşuluq və dostluq prinsiplərinə sadiq qalıb, İranın daxili etiraz aksiyalarında isə heç bir şəkildə təbliğata qoşulmayıb və ölkənin daxili işlərinə müdaxilə etməyib. Lakin bu hücumlar göstərir ki, İranın mövcud molla rejimi təkcə öz xalqı üçün deyil, region və dünya üçün də ciddi təhlükə yaradır. Faktiki olaraq, müharibə ilə əlaqəsi olmayan və hərbi bazası olmayan ölkəyə qarşı həyata keçirilən bu hərəkətlər Tehranın beynəlxalq hüquq normalarına riayət etmədiyini və istənilən vasitəyə əl ata biləcəyini ortaya qoyur. Azərbaycan adekvat diplomatik və siyasi addımlar atmaq hüququna malikdir. Artıq İran səfirləri çağırılıb və nota veriləcək, həmçinin gələcəkdə mümkün hücumlara qarşı ordumuz hazır vəziyyətdədir".
Ekspert bildirib ki, Azərbaycanın hərbi və strateji potensialı nəzərə alınmalıdır.
"Qarabağ zəfəri və 44 günlük Vətən Müharibəsində əldə edilmiş real döyüş təcrübəsi ölkənin yüksək hərbi peşəkarlığını göstərir. Eyni zamanda, İran daxilində 35–40 milyonluq Azərbaycan əhalisi mövcuddur ki, onların böyük bir qismi Bakı ilə bağlıdır. Bu da Azərbaycanın regiondakı təsir imkanlarını artırır və hər hansı təxribat və təhdidlərə qarşı cavab vermək imkanını gücləndirir. Gərginliyin maksimum həddə çatması və İranın qonşularla düşmən münasibətini davam etdirməsi fonunda, Azərbaycan lazım gəldikdə həm müstəqil, həm də Türkiyə ilə ortaq hərəkət edərək öz milli maraqlarını və təhlükəsizliyini qorumağa hazırdır. Bakı və Ankara arasında koordinasiyalı hərəkət, İrana ciddi nəticələr verə biləcək strateji addım olacaq", - o qeyd edib.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal Demokrat.az


