Cəmiyyət Özəl

"Məktəbin qaydalarına hər kəs əməl etməlidir" — Deputat

Məktəbin qaydalarına hər kəs əməl etməlidir — Deputat

Məktəblərdə vahid forma və azyaşlıların dini geyimə meyllənməsi mövzusu yenidən ölkə gündəminə gəlib. Xüsusilə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi fonunda bu məsələ həm valideynlər, həm də təhsil ekspertləri arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Problemin mərkəzində isə uşaq azadlığı ilə məktəb nizamnaməsi arasındakı o incə cizgi dayanır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, dünyanın hər yerində məktəblərin öz daxili nizamnamələri mövcuddur və proseslər həmin nizamnamələrə uyğun tənzimlənir.

"Qaydalar olmayan məktəblərdə isə vahid məktəb formasının tətbiqi önəm daşıyır,” – deputat qeyd edib.

Deputat əlavə edib ki, hər kəs bu vahid formaya əməl etməli, məktəblərdə sistemli tətbiq uşaqlarda məsuliyyət və nizam-intizamı kiçik yaşlardan formalaşdırmalıdır. Eyni zamanda, dini inanc və ehtiyata hörmət göstərilərkən də məktəbin qaydalarına riayət edilməlidir.

“Fərqli inanc, baxış və düşüncələr ola bilər, amma bu insanların məktəbin normalarını nəzərə almamasına əsas vermir. Məktəb qaydaları hamı üçün eyni olmalı və hamı tərəfindən icra edilməlidir,” – Ceyhun Məmmədov vurğulayıb.

Deputat qeyd edib ki, valideynlər və cəmiyyət bu prinsipləri dəstəkləməli, uşaqların həm hüquqlarını, həm də məktəb qaydalarını qorumaq üçün diqqətli olmalıdır.

"Məktəb, məktəbdir, onun qaydalarına hər kəs əməl etməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, vahid forma və dini geyim məsələləri məktəblərdə nizam-intizamın təmin olunması və uşaqların hüquqlarının qorunması baxımından incə bir balans tələb edir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova