Bakının Xəzər rayonunda 29 yaşlı oğlan qısqanclıq zəminində həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsi, “Mayak” bağlar massivində baş verib.
Lerik rayon sakini, 1996-cı il təvəllüdlü Nəbinin həmin ərazidə yerləşən evində Məlahət (adlar şərtidir – red.) ilə qısqanclıq zəminində aralarında şəxsi münasibətlərin pozulması səbəbindən mübahisə yaranıb.
Mübahisə nəticəsində təqsirləndirilən şəxs həyat yoldaşının başından tutaraq qəsdən divara vurub və bədəninin müxtəlif hissələrinə zərbələr yetirib.
Hadisəni törədən Nəbinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Nəbi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu deyib.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş ondan şikayətçi olduğunu bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


