Sabiq nazir: “Ermənistan siyasi elitası Qarabağı azad etmək fikrində deyil”

SİYASƏT 18 dek 2019, 10:45

Axar.az xəbər verir ki, bu barədə Rusiyada yayımlanan Patriot TV-nin “Siyasət” verilişində Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.

 

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır: “Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın ”mübahisəli ərazilərinə" daxil olmamış Azərbaycanın yeddi rayonundan gedir".

 

Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən o, dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunu işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, əgər Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb: “Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəksiz-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”.

 

Perenciyev əmindir ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar".

 

Rus şərhçisinin fikirləri geniş müzakirələrə səbəb olub.

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov şərhçinin dediklərinə bu cür şərh verdi: “Açığı, o rus şərhçisini tanımıram. Bir sıra mənbələrdən alınan məlumata görə, guya danışıqlar bərpa olunub, 7 rayon qaytarılacaq. Onu deyim ki, belə söz-söhbətlər ilk dəfə deyil səslənir. Məsələ burada odur ki, bu və ya digər şəkildə danışıqlar bərpa edilsin. Düzü, danışıqların hansısa bir nəticə verəcəyinə inanmıram. Çünki Ermənistanda baş alıb gedən millətçilik dalğasında Paşinyan imkan verməz ki, hansısa bir dəyişikliklər olsun. Adicə əsirlikdə olan girovlarımızı azad etmirlər. Yəni erməni baş nazir heç bir güzəştə getmək fikrində deyil. Bu cür açıqlamaları ciddi şəkildə qəbul etmirəm. Birmənalı şəkildə mövqeyimiz ondan ibarət olmalıdır ki, danışıqlardan əvvəl Ermənistanda siyasi mühit dəyişməlidir. Bunlar olmadan düşünürəm ki, ”danışıqlar naminə danışıqlar" olacaq. Bu da, sadəcə, cəmiyyətin münaqişənin həlli ilə bağlı bu tipli məsələlərlə başını qatacaq. Ermənistanın vəziyyəti və orada yer alan millətçilik dalğası imkan vermir ki, real danışıqlar olsun".

 

Sabiq nazir özünün Dağlıq Qarabağla bağlı gözləntilərini açıqladı: “Onları siyasi rəhbər adlandırmaq mümkündürsə, o rəhbərlik ermənipərəst lobbiçilik tərəfindən siyasət aparır. Onlar çalışırlar ki, danışıqlar olmasın. Əgər Ermənistan bu şəkildə danışıqlardan imtina edirsə, gündəmə digər məsələ gəlir. Azərbaycanın işğal edilmiş ərazilərinin BMT nizamnamələrinə uyğun olaraq, azad olunması hüququ ortaya çıxır. Bütün bunlar da onu göstərir ki, həmsədrlərin iştirakı ilə gedən danışıqların heç bir əhəmiyyəti yoxdur. Bu vəziyyət hamıya bəlli olduğu halda durumu uzatmaq üçün müxtəlif yollarla danışıqları bərpa etmək istəyirlər. Buna əsas mane olan amil Azərbaycan ictimaiyyətinin rəyidir. Etiraf edək ki, bəziləri 3-5 rayonun qaytarılması rəyini formalaşdırmaq üçün müxtəlif rəylər ortalığa atırlar. Bu cür yollarla çalışırlar ki, ictimaiyyətin danışıqlara olan etimadını yüksəltsinlər. Amma bu mümkün olan bir şey deyil.  Artıq 30 ildən sonra hamı başa düşür ki, indiki Ermənistan siyasi elitası Qarabağı azad etmək fikrində deyil. Əgər bu belədirsə, danışıqlar mənasını itirir. Vəziyyət bəllidir. Gəzən söz-söhbətlərin heç bir nəticəsi olmayacaq. Bütün bunlara inanan da olmayacaq. Biz bir sıra məsələləri kəskin şəkildə ortaya qoymalıyıq. İlk növbədə, baş verən danışıqların mahiyyəti ictimaiyyətə çatdırılmalıdır. İctimaiyyət dəqiq bilməlidir ki, orada nə baş verir, nəyə görə sülh danışıqları nəticə vermir. Geniş ictimai rəyi öyrənəndən sonra hökumət hansı siyasəti yürütməli olduğunu dəqiqləşdirəcək. Bu, yeganə yoldur. Baxın, Ermənistan bu addımı atıb və bu və ya digər şəkildə beynəlxalq ictimaiyyəti inandırıb ki, erməni cəmiyyəti torpaqların bir qarışının belə azad edilməsinə razı deyil. İndi guya bizimkilər torpaqları verməyə razıdırlar? Əsla belə deyil. Xalqımızın niyyətini bu və ya digər şəkildə göstərməyə məcburuq. İctimai rəyə əsaslanaraq, öz siyasətimizi qurmalıyıq”. (Yeni Müsavat)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top