"Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı" — Deputat

GÜNDƏM 08 dek 2019, 22:28

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib.


Azərbaycanlı nazir erməni tərəfinin reaksiyasını başa düşdüyünü deyib:

 

“TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıb. Burada TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb. Sizin paytaxtınızda isə, - faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yolunu davam edəcək”.

 

 Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a deyib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov erməni nazir müavini Armen Simonyana  cavab verməklə şəksiz üstünlüyünü bir daha göstərdi:

 

“Çox təqdir olunası haldır ki, Mikayıl Cabbarov çox vektorlu və əsaslı cavabı ilə bu təxribatın qarşısını aldı və hər kəsin diqqətini Ermənistanın cavab verməli olduğu suallara cəlb edə bildi. Bu suallar isə ciddi suallardır- Ermənistanın işğalçılıq siyasəti, onların bu siyasətdən əziyyət çəkməsi və bütün sahələrdə geriləməsi, faşist Njdeyə qoyulan heykəl, İrəvan xanlığının tarixi. Mikayıl Cabbarovun bu cavabı polemikalarda əsaslandırılmış məsələlərlə çıxış etməyin şəksiz üstünlüyünü bir daha nümayiş etdirdi”.

 

Tahir Mirkişili bu dəfə də erməni təxribatının işə düşdüyünü qeyd edib:

 

“Ermənistan nazir müavinin bu sözləri təxribat xarakteri daşıyırdı, daha uzağa hesablanmış bir siyasi gediş idi. Azərbaycan Prezidentinin irəli sürdüyü diplomatik istiqamətlərin və təşəbbüslərinin qarşısında işğalçı ölkə rəsmilərinin yalnız gülünc və əsassız fikirlər səsləndirməsi onların yaranmış vəziyyətdən çıxılmazlığından irəli gəlir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top