Bu il də ölkəmizdəki universitetlər çoxsaylı məzunlarını coşqulu şəkildə yola saldı. Məzuniyyət mərasimləri, diplomların təqdim edilməsi və gələcəyə açılan qapılar, gənc insanların həyatında önəmli dönüm nöqtələridir. Mən də rəhbərlik etdiyim Üsküdar Universitetinin məzuniyyət mərasimində çıxış edərək, gənclərimizə bəzi vacib məqamları xatırlatmağı özümə borc bildim. Çıxışımda xüsusilə hirs (tamah, ehtiras) və əzm (qətiyyət, səbir və davamlılıq) arasındakı fərqlərin altını cızmağa çalışdım. Müşahidələrim göstərir ki, xüsusilə peşə həyatına yeni qədəm qoyan gənclər bu iki anlayışı çox zaman bir-birinə qarışdırırlar. Halbuki bir işdə uğur qazanmaq üçün ehtiraslı və ya əzmli olmaq lazım olduğunu qəbul etsək belə, bu anlayışların mahiyyət etibarı ilə bir-birinin əksi olduğunu gözardı edə bilmərik. Əlbəttə ki, hirs insanı müəyyən mənada uğura aparır. Ancaq bu uğurun insana nə qədər mənəvi zövq verdiyi sual altındadır. Hirs insanın motivasiyasını artıra bilər, lakin onu daimi və gərgin rəqabətə, başqalarını keçmə ehtirasına sürükləyir. Bu cür yanaşma insanın məhsuldarlıqdan, işin özündən zövq almasını arxa plana atır. Nəticədə insanın məqsədi artıq faydalı olmaq, dəyər yaratmaq deyil, sadəcə digərlərini geridə buraxmaq olur. Bu isə zaman keçdikcə insana sevinc yox, tükənmişlik və əzab gətirir. Hirs, qidalandırıcı kimi görünə bilər, lakin əslində istehlak edici, yoran bir duyğudur. Əzm isə həm bəsləyir, həm də insanı inkişaf etdirir, zənginləşdirir. Hirslə yaşayan insanın kamilləşməsi, özünü aşması, ətrafı ilə sağlam münasibətlər qurması çətindir. Hirsli insanlar sosial münasibətlərdə problemlər yaşayar, ətrafdakı insanları rəqib olaraq görər və onlarla əməkdaşlıq yerinə yarışa girərlər. Bu da iş mühitində kliklərin – kiçik, gizli güc qruplarının – yaranmasına səbəb olar. 

Hirslə deyil, əzmlə: Gənc məzunlara yol göstərən düşüncələr... — Professor Nazifə Güngör yazır
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


