Azərbaycan Prezidenti: "Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar"

İQTİSADİYYAT 16 okt 2019, 22:04

"Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır".

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.

 

Azərbaycan Prezidenti bildirib:

 

“Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deyə bilərəm ki, gələn ilin büdcəsi həm sosial yönümlü olmalıdır, həm investisiya yönümlü olmalıdır. Gələn il də biz ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin və tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq və beləliklə, əminəm ki, eyni, deməli, həcmdə olan işi az vəsaitlə biz edə bilərik.

Buna nail olmaq üçün ilk növbədə şəffaflıq və dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Və bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər, hər bir ilin sonunda büdcə müzakirə olunarkən, belə sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, bu rəqəmi sən haradan götürürsən, məsəl üçün bu, nə bilim, bəndi tikmək üçün, yolu çəkmək üçün, kabeli çəkmək üçün bu qədər vəsait. Hardan götürürsən bunu? Havadan. Sonra araşdırma aparılır. Görülür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdi nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə burada Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, yaxud da hökumət - təkcə onların boynuna bunu atmaq olmaz ki, onlar da belə nəzarətçi kimi bütün o şişirdilmiş rəqəmləri təhlil etsinlər və real rəqəmləri çıxartsınlar. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar və əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olarlar və hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq, amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzasını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırlmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik.

 

Ona görə indi gələn həftələr ərzində büdcənin gələcək parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin”. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top