Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.
Prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, yalnız müəyyən kateqoriya müəllimlər iş yerini dəyişə bilər:
“Dövlət ümumtəhsil müəssisələrində 5 ildən artıq müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlər yerdəyişmədə iştirak edə bilərlər. Məktəblərə yeni qəbul olunmuş müəllimlər bu prosesdə iştirak edə bilmirlər.
Həmçinin, müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir. Yerdəyişmə qarşılıqlı razılıq əsasında həyata keçirilir”.
Ekspert onu da qeyd edib ki, müəllimlərin iş yerlərini dəyişməsinin müxtəlif səbəbləri ola bilər:
“Ən birincisi ərazi faktorudur, kimsə yaşadığı bölgəni və ya eyni şəhərdə yaşadığı ünvanı dəyişir. Bununla əlaqəli cari iş yeri uzaqdırsa, yaxın məktəbə yerini dəyişmək istəyir. Ola bilər ki, işlədiyi məktəbdə müəllim özünü tam olaraq inkişaf etdirə, mühitə uyğunlaşa bilmir. Kollektiv daxilindəki münasibət də müəllimin iş yerini dəyişməsinə səbəb ola bilər”.
Törə Zeynallı Demokrat.az


