Xəbər verdiyimiz kimi, ötən gün Gədəbəy rayonunda hamilə qadın naməlum səbəbdən dünyasını dəyişib. Son zamanlar bu kimi xəbərlər gündəmdən düşmür...
Hamilə qadınların ölümü niyə çoxalıb? Buna səbəb nədir? Hər bir hamilə qadına həkim nəzarət etmirmi?
Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran ginekoloq Rəşad Sultan bildirib ki, tibb elmi nə qədər inkişaf etsə də, insanları ölümsüzləşdirmək kimi imkanı yoxdur:
“Təbii ki, bunu təkcə Azərbaycan yox, dünya tibb elmi baxımından deyirəm. Dünya tibbində belə insanları ölümsüzləşdirmək deyə bir iddia yoxdur. Biz həkimlər xəstəni nəzarətə götürürüksə, fərqi yoxdur, hamilə və riskli insanları nəzarətə götürürüksə, onda heç bir ağırlaşma olmayacaq deyə bir yanaşma yoxdur. Yəni insan ölümlü bir varlıqdır. Hər kəsdə ağırlaşma və ölüm baş verə bilər. Hansısa xəstə ağırlaşanda və ya öləndə tibbi ekspertiza təyin olunur və ölüm səbəbi aşkar edilməyə çalışılır. Bu işin əsas tərəflərindən biridir.
Deməyim odur ki, hər ölüm hadisəsində kimisə günahlandırmaq olmaz. İnsan ölümlü varlıqdır. Tibb elmi nə qədər inkişaf edirsə, etsin hər xəstəliyin önünə keçmək kimi bir imkanı yoxdur.
Digər tərəfdən də hamiləlik dövründə ana ölümü, istər doğuş əsnasında, istərsə də zahılıq dönəmində olsun, hamiləliklə əlaqəli ölümlər ana ölümü termini ilə ümumiləşdirilir. Bu, ölkənin səhiyyə təşkili göstəricisidir. Bu məsələyə ÜST və digər ölkələrdə olmaqla çox ciddi nəzarət olunur. Hamilə qadınlarda ani ölümlər dedikdə ilk ağıla tromboemboliya gəlir. Çünki hamiləlikdə qanın laxtalanma qabiliyyəti artır bu da hər bir hamilə qadında qanın damarda laxtalanaraq ürək və ağciyər damarlarını tutub ani ölümə səbəb olmasına gətirib çıxara bilir. Bəs bunun qarşısını necə almaq olar?
Bizim həkim-ginekoloq olaraq vəzifəmiz qanın damarda laxtalanıb iri damarları tutmasına şərait yaradacaq risk faktorlarını ortaya çıxartmaqdan və onların qarşısını almaqdan ibarətdir. Biz bunun üçün öz müayinə metodlarımızı tətbiq edirik və belə riskli xəstələrə qan durlaşdırıcı dərman yazırıq. Əlbəttə ki, bu hər zaman mümkün olmur. Tromboemboliya inkişaf etmiş ölkələrdə də bir nömrəli problemdir. Çünki bu riskli hər zaman müəyyən etmək olmur. Risksiz xəstələr belə tromboemboliyaya məruz qala və ölə bilər.
Baş verən ana ölümünə gəlincə, məsələ ciddi şəkildə araşdırılmalı və mütəxəssislər rəy verməlidir. Amma hamilə qadının ölümü deyəndə ilk ağıla tromboemboliya gəlir. Bu həkimin ən az nəzarət edə biləcəyi bir situasiyadır. Əgər ana ölümünün üç əsas səbəbi varsa, (qanaxma, infeksiya və tromboemboliya) tromboemboliya bizim əlimizin ən az çatan hissəsidir. Hətta, inkişaf etmiş ölkələrdə də bunun ana ölümünün bir nömrəli səbəb olması onun göstəricisi sayıla bilər”.
Mehriban Mirzəzadə Demokrat.az


