Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağça müəllimləri üçün onlayn sınaq keçirəcək. 29 avqust tarixində saat 10:00-dan 20:00-a qədər məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər onlayn sınağa cəlb ediləcəklər. Bunun məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin cari ildə keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir. Artıq Azərbaycan Respublikasının Təhsil İnstitutu tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün “Diaqnostik qiymətləndirmə çərçivə sənədi”ni təqdim edib. Sənəddə diaqnostik qiymətləndirmənin məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması üçün işləyən təhsilverənlərin peşəkar inkişafının ehtiyac qiymətləndirilməsinin müəyyənləşdirilməsi baxımından yüksək əhəmiyyətə və praktik faydaya malik olduğu bildirilib.
Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, diaqnostikanın məqsədi bağça müəllimlərini işdən çıxarmaq deyil:
“Əvvəlki illərdə bağçalar icra hakimiyyətlərinin tabeliyində idi, müəllimlərin işə qəbulunu da onlar həyata keçirirdi.
Digər ixtisas sahibləri, ümumiyyətlə ali təhsili olmayan şəxslərin işə götürüldüyünü görürdük, belə hallar geniş yayılmışdı. Bu il keçiriləcək diaqnostikada heç bir müəllim işdən çıxarılmayacaq, gələn il isə sertifikasiyanın ilkin mərhələsi keçiriləcək. Sertifikasiyanın 1-ci mərhələsindən kəsilənlərə yenidən şans veriləcək. Yəni ümumilikdə bağça müəllimlərinə üç dəfə şans veriləcək. Onlayn sınaq müəllimlərin hazırlığı üçündür. Diaqnostikanın məqsədi odur ki, azyaşlılar daha əmin əllərdə olsunlar, peşəkar müəllimlər onlara yaşlarına uyğun bilik və bacarıqlar öyrətsin.
Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması vacibdir. Düşünürəm ki, bağçalarda ixtisaslı, təcrübəli, işini bilən müəllimlər də var, bu, müsbət haldır.
Diaqnostika və sertifikasiya imtahanlarından uğur qazanmaq üçün bağça müəllimləri öz üzərilərində daha çox çalışacaq, bu da bağçalarda tədrisin, təlim-tərbiyə prosesinin inkişafına, uşaqların lazımi bilik və bacarıqlar əldə etmələrinə təkan verəcək”.
Törə Zeynallı Demokrat.az


