Qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmaların nəticəsində 850 min manata yaxın ziyan ödətdirilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bu barədə Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən Elmi-Praktiki Konfransda bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə vətəndaşların ərizələrinə, KİV-də dərc olunan və müxtəlif dövlət qurumları tərəfindən qanunsuz ağackəsmə ilə bağlı verilmiş məlumata baxılıb:
“Araşdırma dövründə 847.503 manat ziyanın ödənilməsi təmin edilmiş, 90 cinayət başlanılmış və aidiyyəti istintaq orqanlarına göndərilmişdir."-deyə Elnur Musayev qeyd edib. Ekoloq Ənvər Əliyev məsələyə münasibət bildirərkən ağacların məhvinə səbəb olan problemlərdən söz açdı.
O, Demokrat.az-a açıqlamasında bildirdi ki, ağacların kəsilməsi faktlarını müəyyən etmək çətin deyil:
“Gözümüzü açandan elə bu xəbərləri eşidirik, amma belə hallar günbəgün çoxalır. Vaxtilə Azərbaycan ərazisinin 36 faizi meşələr idi. Müharibələr, əhalinin məişət həyatı, bəzi ərazilərdə təbii qazın olmaması zamanla meşələrin azalmasına səbəb oldu. İndi deyirlər ölkənin 12 faiz ərazisi meşəlikdir, açığı bu rəqəmə şübhə ilə yanaşıram. Mövcud meşələrin kənarları yaşıllıqdır, ağaclıqdır, amma mərkəz hissəsi boşdur, ağaclar barmaqla sayılası qədərdir. Son dövrlər yaşanan quraqlılar da meşə fonduna ciddi ziyan vurub.
Ağacların kəsildiyini müəyyən etmək asandır, hər bir halda ağac kəsilərkən səsi gəlir, meşələrdə meşəbəyi var, yəni ağacı kimlər kəsir, nə üçün kəsir, hamısı bilinir. Azərbaycanda xeyli ağac emalı zavodları var, parket, mebel hazırlanır orada. Bu da ağacların kəsilməsinə, meşələrin məhvini səbəb olur, çünki zavodlara sağlam ağacları aparırlar. Restoranlar, iaşə obyektlərinə kömür vermək üçün də ağacları kəsirlər, çünki yaxşı kömür ağacın cavan budaqlarından əldə olunur. Bütün bu problemlər ağciyərlərimiz olan meşələrin məhvinə gətirib çıxarır. Ziyanın 850 min manat olması heç də sevindirici hal deyil, bu, problemin nə qədər böyük olduğunu göstərir”.
Ekspert deyib ki, yaşıllıqların məhv edilməsi birbaşa həyatımıza, sağlamlığımıza təsir edir:
“Bakı şəhərinin köhnə fotolarında şəhərdə yaşıllıqların çox olduğunu görürük. Bakı isti şəhərdir, vaxtilə iqlim şəraitinə uyğun, yaxşı yarpaq kütləsi olan, kölgəlik verən ağaclar əkilmişdi, tanınmış akademiklər yaşıllaşdırma işi ilə məşğul olurdular şəhərin planı hazırlanarkən. Hazırda şəhərdə yaşıllıq çox azdır, yox səviyyəsindədir.
Təbii qazonları uşaqlar məhv edir futbol oynamaqla. Yaşıllıqların qorunması, ağaclara qulluqla məşğul olan yoxdur. Ağaclar sulanmalıdır, zərərvericilərin ağacda yayılmasının qarşısını almaq lazımdır. Aidiyyəti qurumlar bu məsələ ilə məşğul olmalıdır, media bu problemlərə geniş yer verməlidir. Ağciyərlərimiz məhv olub gedir, ekoloji mühit korlanır, bunun axırı necə olacaq, təəssüf ki, heç kimə maraqlı deyil”.
Törə Zeynallı Demokrat.az


