Xaçmaz rayonunda 1970-ci il təvəllüdlü Murad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı oğlu Elyarı xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Murad 26 iyun 2023-cü ildə, gecə saat 01:30-da Xaçmaz rayonu, Çarxı kəndində Elyarın yaşadığı evin qarşısına gəlib.
O, Elyarın mağazadan ona pivə almamasını bəhanə edərək nalayiq söyüşlər söyüb.
Elyar dayısını yaşadığı evin qarşısından uzaqlaşdırmaq istəyib. Amma Murad özündə olan bıçaqla bacısı oğlunun qarın nahiyəsindən, sol əlindən və sol qolundan qəsdən vurub.
Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Xaçmaz rayonu, Çarxı kəndində tək yaşayıb:
“Zərərçəkmiş Elyar bacım oğludur. Mənim Elyarla münasibəti həmişə yaxşı olub. İçkili olduğuma görə bu cinayəti törətmişəm. Mənim Elyargilə həmişə get-gəlim olub. İyunun 25-də axşam vaxtı özüm tək 250 qrama yaxın araq içdim. Sonra isə bayıra çıxıb küçədə gəzdim. Həmin gün gecə saat 1 radələrində bacım Sədayəgilə getdim. Elyar evdə olmadığımdan bacımdan onun harada olduğunu soruşdum. Sədayə də Elyarın evdə olmadığını bildirdiyindən yaşadığım evə getmək üçün geri qayıtdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 26-da, təxminən saat 01:30-d bacısı Sədayənin yaşadığı evdən təxminən 20 metr uzaqlaşıb:
“Bu zaman bacım oğlu Elyarla əmim nəvəsi Cabbar mənə yaxınlaşdılar. Elyar üstümə gəlib gecə vaxtı onların evinə gəlməyimin səbəbini soruşdum. Cabbar isə qayıdıb geri getdi. Mən də Elyara dedim ki, bacım evidir, həmişə gəlib-getdiyim evdir. Bundan sonra Elyar məndən ayrılaraq yaşadığı evin həyətinə getdi və tez də geri qayıtdı. Gələndə gördüm ki, Elyarın əlində yaba var. İçkili olduğumdan Elyarın əlində yaba olması məndə əsəb yaratdığından şalvarımın sağ yan cibində olan mətbəx bıçağını çıxardım. Bir dəfə Elyarın qarın nahiyəsindən vurdum və ondan ayrılıb yaşadığım evə getdim. Elyara xəsarət yetirdiyim mətbəx bıçağını isə istintaqa təqdim etmişəm. Mən təxminən 30-40 dəqiqə evdə oldum. Sonra isə küçəyə çıxıb gecəni kənd ərazisində gəzdim. Həmin gün səhər saatlarında bildim ki, gecə Çarxı kəndinə polis əməkdaşları gələrək məni axtarsalar da, tapa bilməyiblər. Mən yenə də evə getmədim, kənd ərazisində gəzdim”.
Murad qeyd edib ki, iyunun 26-da, təxminən saat 16:30-da mobil telefonuna zəng gəlib:
“Telefona cavab verdikdə danışan şəxs polis əməkdaşı olduğunu bildirdi, harada olduğumu soruşdu. Mən də ona yaşadığım Xaçmaz rayonu, Çarxı kəndində olduğumu, Xaçmaz Rayon Polis Şöbəsinə gəlmək istədiyimi bildirdim. Polis əməkdaşı Çarxı kəndinə gəldiyini bildirdi. Mən olduğum yeri polisə deyərək onu gözlədim. Bir qədər keçdikdən sonra olduğum yerə polis əməkdaşları gəldilər. Məni avtomobilə əyləşdirərək polis şöbəsinə apardılar. Polis şöbəsində olarkən izahat verərək bıçaqla Elyara xəsarət yetirdiyimi bildirdim. Sonra isə hadisə yerinə getdik, mənim iştirakım ilə hadisə yerinə baxış keçirildi”.
İş üzrə zərərçəkmiş Elyarın sözlərinə görə, onun dayısı Muradla münasibəti yaxşı olub, aralarında ədavət və ya düşmənçilik olmayıb:
“Dayım Murad bir neçə dəfə məhkumluq həyatı yaşayıb, spirtli içkiyə meyilli olub. İyunun 25-də həmkəndlim Şaban yaşadığı evin həyətində oğlu üçün toy məclisi keçirdi. Mən də həmin toy məclisində iştirak etdi. Saat 20:00-da dayım Murad Şabanın yaşadığı evin həyətinə gəldi. Birlikdə oturub rəqs edən şəxslərə baxdıq.
Təxminən saat 23:30-da Şabanın yaşadığı evin həyətindən çıxdım. Dayım da ayağa durub arxamca gəldi. Biz söhbət edə-edə həmkəndlimiz Əzifə adlı qadının işlədiyi mağazanın qarşısına gəldik. Mən də mağazaya daxil olub özümə siqaret alanda dayım Murad dedi ki, mağazadan onun üçün də pivə alım. Dayım sərxoş vəziyyətdə olanda mübahisə etməyə meyilli olduğu üçün ona dedim ki, sərxoş vəziyyətdə olanda dalaşmağa meyilli olur, ona görə də ona pivə almayacam. Dayıma pivə almayaraq mağazadan çıxaraq yaşadığım ev istiqamətində gəldim. Murad isə öz evi istiqamətində getdi. Yaşadığı küçəyə çatanda evə getməyib qonşunun evinin hasarına yaxın yerdə oturaraq mobil telefonunda olan video görüntülərə baxdım. Sonra yanıma əmim nəvəsi Cabbar gəldi. Cabbar bir neçə dəqiqə yanımda oturduqdan sonra qayıdaraq yaşadığ evə getdi. Mən isə həmin yerdə dayanaraq yenə də mobil telefonunda olan video görüntülərə baxdım”.
Zərərçəkmiş deyib ki, iyunun 26-da, təxminən saat 01:00-da mobil telefonuna zəng gəlib:
“Baxanda gördüm ki, zəng vuran dayım Muraddır. Telefona cavab verəndə dayım nəyə görə ona pivə almadığımı deyərək mənə qarşı söyüş ifadələri işlətdi. Mən isə səsindən onun sərxoş vəziyyətdə olduğunu hiss etdim və cavab verməyərək telefonu söndürdüm. Saat 01:30-da dayım Muradın səsini eşitdim. Baxanda gördüm ki, dayım evimizin qarşısında dayanıb və ünvanıma söyüş ifadələri işlədir. Anam Sədayə isə onu sakitləşdirib öz evinə yola salmağa çalışır. Muradın sərxoş vəziyyətdə olduğunu gördüm. Ona yaxınlaşmadım ki, sakitləşib getsin. Murad isə evimin həyət qapısının qarşısında dayanaraq anam ilə mübahisə etdiyinə görə anamı vura biləcəyindən ehtiyyat etdim. Yaxınlaşaraq Muraddan məni söyməsinin səbəbini soruşdum. Murad da nəyə görə ona pivə almadığıma irad bildirdi. Dayıma dedim ki, sərxoş olanda dalaşmağa və mübahisə elməyə meyilli olur, ona görə də ona pivə almadım. Başqa nə isə istəyirsə gedərək ala bilərəm. Dayım ilə söhbət edə-edə kəndin mərkəzindən keçən asfalt yola tərəf getdik. Yaşadığım evin həyət qapısından təxminən 15-20 metr uzaqlaşdıqdan sonra Murad bir dəfə qarın nahiyəmə vurdu. Baxanda dayım Muradın əlində bıçaq olduğunu gördüm. Başa düşdüm ki, Murad onu bıçaqla vurub. Mən əlimi uzadıb bıçağı Muradın əlindən almaq istədim.
Murad isə bıçağı verməyərək qarşımda tutaraq sağa-sola hərəkət etdirərkən bıçaq sol əlimin beşinci barmağına və sol dirsək nahiyəmə dəyərək kəsdi. Bundan sonra dayım oradan getdi. Mən isə yaşadığım evin həyətinə gəldim. Həyətdə olan işığın altında baxanda gördüm ki, qarın nahiyəmdən qan axır. Sonra yaşadığım evin həyətinə əmim nəvəsi Cabbar gəldi. Cabbara dedim ki, dayım Murad bıçaqla vuraraq mənə xəsarət yetirib. Cabbar öz mobil telefonu ilə təcili tibbi yardıma zəng vurdu, mənim baçaqlanmam barədə məlumat verdi.
Sonra isə özüm Cabbarın mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq dedim ki, Xaçmaz rayonu, Çarxı kəndində bıçaqlanma hadisəsi olub. Bir müddət keçdikdən sonra yaşadığım evin qarşısına təcili tibbi yardım avtomobili gəldi. Mən təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirildim. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində isə üzərimdə cərrahi əməliyyat aparıldı”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Murad 7 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. Onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.
Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib.
Qərara görə, təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.
Fariz Məlikli Demokrat.az


