Sosial Özəl

Ekspert: “Xarici taksi şirkətləri özbaşınalıqla məşğuldur” — Qurumlar niyə susur?

Ekspert: “Xarici taksi şirkətləri özbaşınalıqla məşğuldur” — Qurumlar niyə susur?

Sosial şəbəkədə taksilərdə nağdsız ödənişlərin ləğv edildiyi yazılır. Bəzi vətəndaşlar gediş haqqını kartla ödəməkdə problem yaşadıqlarını bildirirlər. O da qeyd olunur ki, taksi sürücüləri nağdsız ödəniş sistemindən narazıdırlar.

Məsələyə nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ekspertin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən transmilli taksi şirkətləri kobud şəkildə Azərbaycan Respublikasının qanunlarını pozur, vətəndaşların hüquqlarını tapdalayır, istədiyi tarifləri müəyyən edir, qiymətləri qaldırıb-endirir:

“2023-cü ilin yayında qeyri-qanuni şəkildə sövdələşmə yolu ilə taksi qiymətləri 1 manat 50 qəpikdən 2 manat 50 qəpiyə qaldırıldı. Bu, birbaşa olaraq inhisarçılıqdır. Bununla yanaşı, taksi sürücüləri istismar edilir, 40 saatdan çox işləyirlər, həftə ərzində ən az 60 saat işləyir sürücü. İşçilərin hüquqları kobud şəkildə pozulur. Həmçinin ödəmələri vaxtında həyata keçirilmir. Sərnişinlərin hüquqları da pozulur. Taksi şirkətləri Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı reqlamentini kobud şəkildə pozur. Heç bilinmir ki, bu transmilli taksi şirkətləri dövlət büdcəsinə vergi ödəyir, ya yox, nə qədər ödəyir... Bu gün Azərbaycanda xarici taksi şirkətlərinin fəaliyyəti qeyri-şəffafdır. Ona görə də istədiyini edir, şəxsən bu vəziyyət mənə təəccüblü gəlmir. İl ərzində ölkəmizdən milyonlarla pul qazanan xarici taksi şirkətlərinin bunun müqabilində göstərdiyi xidmət sıfır səviyyədədir. Bir daha təkrar edirəm ki, həmin şirkətlər bu gün nə etsə, təəccüblü deyil, çünki tamamilə özbaşınalıqla məşğuldur. Bu özbaşınalığın qarşısını alan qurum yoxdur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova