Bəzən valideynlər övladlarının qüsurlarını gizlətməyə çalışır, səhvlərinə göz yumurlar. Ailə üzvlərini amansızlıqla qətlə yetirən 25 yaşlı gənclə bağlı yayılan məlumatlarda da bunu gördük. Valideynlər övladlarının islah olunmasının, problemlərinin həlli əvəzinə əməllərini davam etdirmələrinə şərait yaradır, digərlərinin həyat və sağlamlığını təhlükə altına qoyur, cəmiyyəti düşünmürlər.
Demokrat.az-a açıqlamasında məsələyə toxunan psixoloq Fərqanə Mehmanqızı bunun maddi vəziyyətlə, sosial statusla bağlı olmadığını düşünür:
“Bölgələrdə autizmlə bağlı nazirliyin layihələrində iştirak edirəm. Autizmdən əziyyət çəkən uşaqların evə qapadıldığının, cəmiyyətdən təcrid olunduğunun, problemlərinin gizlədildiyinin şahidi olmuşam.

Eləcə də mərkəzimizə edilən müraciətlər zamanı görürük ki, valideyn heç cür uşağının problemini qəbul etmək istəmir. Bu, birmənalıdır. Niyə qəbul etmək istəmir?
Çünki cəmiyyət tərəfindən ayıblanır, günahlandırılır, təzyiqə məruz qalır. Ona görə də valideynlər bu kimi problemləri gizlətməyə çalışırlar, utanırlar. Problemi qəbul edib onun həllinə çalışmırlar. Əgər hansısa problemi qəbul etmiriksə, onun həlli yolunu da heç vaxt tapa bilmərik. Məsələ bundadır”.
Törə Zeynallı Demokrat.az


