Bir müddətdir "Ali Təhsil haqqında” Qanuna dəyişikliklər müzakirə olunur. Kolleclərin fəaliyyəti də gündəmdədir. Dəyişikliklərdən sonra kolleclərin ayrıca təhsil müəssisəsi kimi ləğv ediləcəyi, universitetlərin daxilində bir pillə kimi qalacağına dair fikirlər var.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, hələlik qanuna təklif edilən dəyişikliklər qəbul olunmadığı üçün kolleclərin ləğv ediləcəyindən danışmaq tezdir:

“Bəzi kolleclər fəaliyyətini davam etdirəcək. Kolleclərdə pedaqoji yönümlü bir çox ixtisaslar var ki, onların tədrisi dayandırıla bilər. Hazırda Azərbaycanda 55 kollec fəaliyyət göstərir, onlardan 4-ü özəl, qalanları dövlət nəzdindədir. Elə kolleclər var ki, təhsil səviyyəsi yüksək deyil, ehtimal ki, bu qəbildən olan müəssisələr fəaliyyətini dayandıra bilər.
Azərbaycanda kollec təhsili barədə fikirlər birmənalı deyil. Abituriyentlər universitetə qəbul ola bilmədikləri üçün son anda kolleci seçməli olurlar. Buna gördə kolleclərin reytinqi bir o qədər də yüksək deyil.
Çalışmaq lazımdır ki, kolleclərdə tədris olunan ixtisaslar günün tələbinə uyğun olsun.
Eyni zamanda kolleclərin özünün təhsil-keyfiyyət göstəriciləri yaxşı olmalıdır ki, maraq artsın. Azərbaycanda kolleclərin dünya səviyyəsinə çatmasını gözləmirəm, amma müəyyən reytinqə çatmaq üçün həm kollec rəhbərləri, həm də aidiyyəti qurumlar əməli addımlar ata bilər”.
Törə Zeynallı Demokrat.az


