Hərbi Özəl

Hərbi sirri paylaşma! —“Canlı qüvvə və hərbi texnika baxımından itkilər verə bilərik”

Hərbi sirri paylaşma! —“Canlı qüvvə və hərbi texnika baxımından itkilər verə bilərik”

Azərbaycan – Ermənistan şərti sərhədində və Qarabağın daxilində gərginlik davam edir. Belə bir vəziyyətdə hərbi sirr hesab olunan məlumatları yaymaq son dərəcə təhlükəlidir. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsi dövründə hərbi sirrin əhəmiyyəti və paylaşılmasının yolverilməz olduğu, səbəb olacağı nəticələr barədə maariflənmə tədbirləri aparıldı, lakin bu gün yenə məsuliyyətsiz davranışların şahidi oluruq. Bəziləri TikTok sosial şəbəkəsində canlı qüvvə və hərbi texnikamızın hərəkəti, hərbi kalonların dislokasiyasını paylaşılır, fərqində olmadan düşmənə sirr verirlər.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a açıqlamasında deyib ki, silahlı qüvvələrimizin bölmələrinin hərəkətini, sərhəddə cəmləşdikləri yerləri paylaşmaq olmaz. Bu, gələcəkdə ordumuzun keçirəcəyi antiterror əməliyyatlarına ciddi zərbə vura bilər:

“Düşmən tərəfi qabaqlayıcı tədbirlər görə bilər. Aşkar edilən məlumatlar əsasında qarşı tərəf canlı qüvvə və ağır texnikanın hansı istiqamətdə hərəkət etdiyini müəyyən edir, həmin marşrut üzrə atəş açıb onları hədəf seçə bilər”. R.Məhərrəmov qeyd edib ki, paylaşılan görüntülər düşmənə hansı texnika ilə hərəkət edildiyi barədə məlumat verir:

Hərbi sirri paylaşma! —“Canlı qüvvə və hərbi texnika baxımından itkilər verə bilərik”

“Əks tərəf hər bir texnikaya qarşı uyğu tədbirlər görür, artıq bilir ki, bizim istifadə etdiyimiz texnikaya qarşı hansını önə çıxarmalıdır. Belə olan halda qurulan döyüş planının qarşısını almaq çətin olmur. Həm canlı qüvvə, həm də hərbi texnika baxımından itkilər verə bilərik. Bölmələrin hərəkəti gizli qalmalıdır. Təlimlərə çıxdıqda belə hər şey gizli edilməlidir”.

Ekspert gərginlik dövründə TikTokun bağlanmasının tərəfdarıdır:

“Yaxşı olar ki, ümumiyyətlə ölkədə bu platforma qadağan edilsin. Orada hər cür insan var. Azərbaycan ad, soyadı ilə ermənilər saxta hesablar aça, casus şəbəkəsi yaradıla bilər, digər qüvvələr tərəfindən Tik-Tokun daxilində şəbəkə yaradıla, lazımi məlumatlar ötürülə bilər. Bəzi ölkələr artıq tiktoku qadağan edib. Biz də bu nümunədən istifadə etməliyik”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova