İnsanın inanc sisteminin əsasını təşkil edən din tək mənəviyyatımızın istinad köşəsi olmayıb, özlüyündə ictimai və siyasi məzmun ifadə edir. Tarix boyu dinlər həm xilasedici funksiya yerinə yetirib, həm də qanlı müharibələrin kökündə dayanan başlıca amillərdən olub.
Tarixdə belə faktlar çoxdur. Məsələn, hazırda dünyanın ən çox yayılmış və mənsublarının sayına görə də digər dinləri geridə qoyan xristianlıq heç də hər zaman bugünkü qədər geniş arealda mövcud olmayıb. Xristianlığın yüksəlişi 4-cü əsrə təsadüf edir. Əsrin sonlarına yaxınsa xristianlıq Romada rəsmi din oldu. Bundan sonra bütpərəstliyə qarşı hücumlar başladı. Bütpərəstlərin məbədləri məhv edilir, kahinləri öldürülür, ədəbiyyatları isə yandırılırdı. Məsələn, II Teodosiusun və III Valentinusun əmri ilə 448-ci ildə Porfirinin məşhur "Xristianların Əleyhinə" kitabı yandırılır. Bu tarixdən 30 il öncə isə Misirin İsgəndəriyyə şəhərində Hipatiya adlı tanınmış alim qadın, riyaziyyatçı Xristian yepiskopu Kirilin əmrilə təəssübkeş kütlə tərəfindən vəhşicəsinə öldürülür. Bu hadisələrdən sonra Avropada azad fikirlilik ört-basdır edilir, hamı xristianlığı qəbul etmək məcburiyyətində qalır.
Digər bir misal - türk kökənli qədim Hun imperiyasının hökmdarı, məşhur sərkərdə Attila eramızın 452-ci ilində qoşunu ilə Roma qapılarına çatanda Papa I Lev onun qarşısında diz çökərək romalıları bağışlamasını, şəhəri dağıtmamasını xahiş edir. Şəhər beləcə xilas olur.
İslam dünyasında sünni - şiə qarşıdurması zəminində tarixən ortaya çıxan qarşıdurmalar, savaşlar da hər kəsə məlumdur. Azərbaycanın tarix səhnəsində önəmli yer tutan Səfəvi dövləti ilə qüdrətli Osmanlı imperiyası arasında baş vermiş və bütün türk – islam dünyasını kökündən sarsıdan Çaldıran döyüşünü də yuxarıdakı misallara əlavə edə bilərik.

Din mövzusunda danışarkən qeyd olunması digər vacib bir məqam da dini tolerantlıqdır. Tolerantlıq tək din amili ilə məhdudlaşmayıb, siyasi, sosial, irqi növləri də əhatə edir. Tolerantlıq dünyada sülhün və sosial-iqtisadi inkişafın zəruri şərtlərindən biridir. Bu, insanların bir-birinin fərqli dünyagörüşü, düşüncə və yaşayış tərzi, dünyaya baxışı, özünüifadə vasitələrinə hörmət və dözümlülük prinsipləri çərçivəsində yanaşma deməkdir, onları yaxınlaşdıran dəyərlər toplusudur.
Dini tolerantlıq cəmiyyətdə dinlərarası münasibətləri tənzimləyən mühüm amildir. Bu, dinlərarası və məzhəblərarası qarşıdurmaların önünü kəsən vacib elementdir. Bir növ açardır, deyə bilərik. O açar ki, cəmiyyətdə müxtəlif dinə ibadət edən insanlar arasında qarşılıqlı anlaşma yaradır, müxtəlif dini inancları olan eyni bir xalqın mənsublarının həmrəylik bağlarını gücləndirir, ölkə daxilində sabitlik və təhlükəsizliyi təmin edir.
Bütün bu sadalanan məqamlar dini tolerantlığın təmin olunması və qorunmasının nə qədər önəmli olduğunu sübut edir. Dini tolerantlıq pozularsa, cəmiyyətdə xaos yaranar, ayrıseçkilik baş alıb gedər, dövlətin təhlükəsizlik sütunları sarsılar. Onun var olması yalnız milli kontekstdə deyil, eyni zamanda qlobal xarakter daşımaqla böyük məna kəsb edir.
Bu gün dünya ölkələri, xüsusilə Qərb tolerantlıq ənənələrinin pozulmasının mənfi nəticələrinə şahidlik edir. Dünyada ənənəvi və qeyri-ənənəvi dinlər və məzhəblər arasında baş verən ədavət insan həyatına, cəmiyyətlərə təsirsiz ötüşmür. Tarixən dini ədavət zəminində çıxan savaşlar, müharibələr müasir dövrdə də davam etməkdədir. Bəzi cəmiyyətlər və hakimiyyətlər başqa dinlərə, digər xalqların inanclarına hörmət etmir, onları sıxışdırmağa çalışır. Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması, nüfuzlu jurnallarda təhqiredici karikaturaların yayılması, müsəlmanlara qarşı sosial, hüquqi, siyasi müstəvidə edilən ayrıseçkiliklər bunu deməyə əsas verir.Son günlər Fransada baş verən iğtişaşların məhz 17 yaşlı əlcəzairli gəncin ölkə polisi tərəfindən şiddətə məruz qalması və öldürülməsi səbəbilə baş verməsi qeyd olunan halların kəskin şəkil aldığını sübut edən faktlardan sadəcə biridir.

“Dini dözümlülüyün təmin edilməsi, qorunması və inkişafı bu azadlıqlarla bağlıdır. Dövlət siyasəti tolerantlığın təşviq edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarında bu məqam öz əksini tapıb. Konstitusiyaya görə, hər kəsin vicdan azadlığı var. Hər kəs dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququna sahibdir. Şəxs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”.
C.Məmmədov bildirib ki, Konstitusiyada qeyd olunan məqamlar “Dini etiqad azadlığı haqqında” Qanunda da öz əksini tapıb. Bunlar, ölkədə tarixən mövcud olan tolerantlıq ənənələrinin bu gün də hüquqi əsaslarla qanunlar çərçivəsində dəstəkləndiyini göstərir. Ekspert vurğulayıb ki, dünyada tolerantlıq dəyərlərinin sarsıldığı bir çağda Azərbaycan bu mövzuda örnək ölkələr sırasındadır:
“Azərbaycan qədimlərdən bəri fərqli dinlərin, mədəniyyətlərin birləşdiyi bir coğrafiya olub. Müxtəlif millətlərə və dinlərə məxsus insanlar burada rahat, sərbəst şəkildə yaşayıb, bütün hüquq və azadlıqlardan bərabər səviyyədə istifadə ediblər. Dini tolerantlığa önəm verilməsini dini abidələrin, ziyarətgahların qorunması, restavrasiya işləri fonunda daha aydın görə bilərik. Əhalinin əksəriyyətinin dini islam olsa da, tək məscidlər deyil, digər dinlərin nümayəndələrinin də ibadətlə məşğul olacağı məkanlar mövcuddur. Bakının Suraxanı rayonunda Atəşgah məbədi, Qubada Qırmızı Qəsəbə, Qəbələnin Nic kəndində Müqəddəs Məryəm Ana Alban Kilsəsi və Müqəddəs Yelisey adına Cotari kilsəsi, Şəkidə Kiş məbədi, Kəlbəcərdə Xudavəng monastırı, Laçında alban – udi icmasına məxsus Ağoğlan məbədi ölkəmizin zəngin tolerantlıq dəyərlərinə malik olduğunu deyir”. 
Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğuna diqqət çəkən C.Məmmədov bəzi statistik rəqəmləri də bölüşüb:
“Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Onlardan 958-i İslam, 37-si isə qeyri-islam – xristian, yəhudi, krişna, bəhai təmayüllüdür. Hazırda respublikada Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir. Ölkə ərazisində 2253 məscid, 16 kilsə və 7 sinaqoq var. Bunlardan əlavə, ümumilikdə 748 pir və ziyarətgah mövcuddur”.
Son olaraq C.Məmmədov əlavə edib ki, bu gün dünya ölkələrinin bir çoxunda müşahidə edilən dini dözümsüzlük iğtişaşlara, dövlətlərin təhlükəsizliyinə təhdid yaradır. Azərbaycanda mövcud olan etiqad azadlığı, tolerantlıq, multukulturalizm isə təhlükəsizliyimizin təməlində duran başlıca prinsipdir.
“Hər kəsin öz inancını sərbəst yaşadığı, müsəlmanların namaz qılması üçün məscidlərin, xristianların dua edib şam yandırması üçün kilsələrin, eləcə də yəhudilərin ibadətlərini yerinə yetirməsi üçün sinaqoqların mövcud olduğu bir ölkədə dini təhlükəsizliyin dayaqları sarsılmazdır. Tolerantlığın hakim olduğu mühitdə dini konfessiyalar arasında qarşılıqlı əməkdaşlıq möhkəmlənir, dini müxtəliflik qorunur, dinlərarası və millətlərarası dialoq inkişaf edir”.
İlahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq ixtisası üzrə dosent Əkrəm Həsənov mövzu ilə bağlı bildirib ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq dini dözümlülük, tolerantlıq ən yüksək səviyyədədir. Ə. Həsənov qeyd edib ki, istənilən dinin nümayəndəsi Azərbaycanda öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirir:"Azərbaycan bu sahədə digər ölkələrlə müqayisə olunmayacaq qədər yüksək dözümlülük və tolerantlıq nümayiş etdirir. Bir sıra Avropa ölkələrində dini azadlıq və dözümlülük ümumiyyətlə yoxdur. Bəzən müşahidə edirik ki, Fransada və ya bir çox inkişaf eləmiş ölkələrdə dini ayrı-seçkilik, başqa inanclara qarşı aqressiya var" 
Törə Zeynallı Demokrat.az
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda yayımlanıb.


