Sosial Özəl

“Məktəbli forması seçərkən valideynlərin də rəyi alınmalıdır” — Ekspertdən AÇIQLAMA

“Məktəbli forması seçərkən valideynlərin də rəyi alınmalıdır” — Ekspertdən AÇIQLAMA

Dövlət ümumi təhsil müəssisələrində təhsil alanların geyim formalarının təsvirləri “Dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı ilə tənzimlənir.

Bu barədə Demokrat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbli formalarının seçilməsi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən edilir. Məktəb özü seçilmiş məktəbli formalarının hazırlanması ilə bağlı istədiyi tikiş evinə müraciət edə bilər.

Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında vahid məktəbli geyiminin vacib olduğunu bildirib.

“Məktəbli forması seçərkən valideynlərin də rəyi alınmalıdır” — Ekspertdən AÇIQLAMA
İlqar Orucov

Bununla belə, ekspert hər məktəbin fərqli geyiminin olmasının da rəngarənglik yaratdığını deyib:

“Məktəbli formalarının bir neçə ildən bir dəyişdirilməsi tez-tez ictimaiyyətdə müzakirələrə səbəb olur, valideynlərdə narazılıq yaradır. Bəziləri məsələnin həllini vahid məktəbli formasının tətbiqində görür.

Məktəbli geyimlərini seçərkən valideynlərin də ümumi rəyini öyrənmək yaxşı olar. Məktəblərdə təhsilin idarə edilməsində valideynlərin, ictimaiyyətin fikrinin öyrənilməsində fayda var. Yetər ki, bu fikirlər sağlam olsun. Məktəbli geyimləri ilə bağlı Elm və Təhsil Nazirliyinin pandemiyadan öncə reallaşdırmaq istədiyi bir yanaşma var idi - keyfiyyətin yüksəldilməsi, qiymətlərinsə münasib olması.

Nazirlik 5 növ məktəbli geyiminin olması ilə bağlı qərar verib. Daha sonra məktəb özü bunlardan birini forması kimi seçir. Bu daha doğru yanaşmadır. Məqsəd də odur ki, məktəbin özünün də istəyi nəzərə alınsın. Məktəb bir sistemdir. Yalnız direktor və Pedaqoji Şuradan ibarət olmayıb, şagirdlər və valideynlərin də yaratdığı bir sistem.

Hesab edirəm ki, bütün məsələlərdə hər üç tərəfin də fikri alınsa yaxşı olar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il tarixli Qərarına əsasən, məktəblər üçün 4 rəngdə geyim forması təklif olunub. Məktəblərin sifarişi əsasında Qərarda qeyd edilən rənglər və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.

Qərarda o da bildirilir ki, geyim forması dəsti ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az