Sosial

“Elə məmur var ki, altındakı stul qədər dövlətə faydası yoxdur, amma gəl ki...” - Sərdar Cəlaloğlu

“Elə məmur var ki, altındakı stul qədər dövlətə faydası yoxdur, amma gəl ki...” - Sərdar Cəlaloğlu

Son günlər ölkəmizdə ən çox müzakirə edilən məsələlərdən biri bəzi məmurların, icra başçılarının, nazir və nazir müavinlərinin bahalı avtomobillərdən istifadəsi ilə bağlıdır.

Ölkəmizdə məmurların bahalı avtomobillərə marağı nə ilə bağlıdır? İcra başçıları və digər kateqoriyalı məmurların xidməti avtomobilləri ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac varmı?

Demokrat.az xəbər verir ki, Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məmurların bahalı avtomobillərdən istifadəsini dövlət büdcəsinin talanması kimi xarakterizə etdi:

“Bütün dünyada dövlət aparatının xərcləri dövlət büdcəsinə əlavə yük kimi nəzərdə tutulduğu üçün demokratik dövlətlərdə idarəetmə xərcləri mümkün qədər azaldılır. Məqsəd odur ki, dövlət büdcəsinə çox yük düşməsin və qənaət edilən vəsait buna ehtiyacı olan insanların sosial ehtiyacına sərf olunsun.

Bu gün ölkədə minlərlə insan var ki, xəstədir, dərmana ehtiyacı var. Onların özlərini müalicə etməyə vəsaitləri yoxdur. Elə əlillər, şəhid ailələri var ki, çətinliklə yaşayırlar. Hansısa məmurun 100 minlik avtomobildən imtinası bu insanlardan 100-nün probleminin həlli deməkdir.

Idarəetmə xərcləri nə qədər artırsa, dövlət büdcəsi o qədər israf olunur. Bizim kimi ölkələrdə məmurlar cah-cəlal nümayiş etdirməyi idarəetmənin əsas prinsiplərindən biri hesab edir. Amma dünyanın heç bir yerində bizdəki kimi məmrular bunca bahalı maşınlar sürmür. Mən Hollandiyada olmuşam. Bu ölkədə maliyyə naziri işə velisopedlə gedib-gəlir. Işdən sonra isə benzin doldurma məntəqəsində avtomobillərə benzin doldurur, bununla pul qazanır. Bəzi sivil ölkələrdə nazirlər, məmurlar maaşdan, xidməti avtomobildən imtina edir. Trampın özü də əmək haqqından imtina edib.

Bizdə bir çox məmurun fəaliyyəti ilə onların fəaliyyətinə sərf edilən vəsait arasında uyğunluq yoxdur. Dövlətə 5 qəpik xeyir verməyən elə məmurlar var ki, büdcəni yüz min manatlarla ziyana salır. Bu, dövlət büdcəsini talamağın bir formasıdır”.

Demokrat.az

D
demokrat.az