"Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun Amerika Birləşmiş Ştatlarına səfəri və bu səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirilməsi olduqca əhəmiyyətlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.
Hərbi ekspert qeyd edib ki, bu səfərlərdən ən vacibi ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşdür:
"Bir məsələni qeyd etmək istəyirəm. Xüsusilə hazırkı vəziyyətdə, yəni Ermənistan-Azərbaycan, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın güc strukturlarından birinin rəhbərinin, xüsusən də Hərbi Hava Qüvvələrinin komandanının ABŞ-a rəsmi səfəri və burada çox nüfuzlu şəxslərlə görüşməsi əhəmiyyətli hadisədir.
Məsələ burasındadır ki, həqiqətən də Azərbaycan regionun vacib və əhəmiyyətli ölkə olduğunu sübut edir. Yəni, daha doğrusu, bu, Azərbaycanın əhəmiyyətli ölkə olmasından xəbər verir.
Əlbəttə ki, ABŞ uzun müddətdir Azərbaycana qarşı soyuq münasibət nümayiş etdirirdi. Analizlər və müşahidələr onu göstərir ki, həm müharibədən əvvəlki dövrdə, həm də Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın güc strukturlarında rəhbər şəxslərdən birinin ABŞ-da bu səviyyədə qəbul olunması vacib proseslərin getdiyindən xəbər verir.
Düşünürəm ki, artıq Azərbaycan ciddi beynəlxalq hərbi, siyasi proseslərin gedişatında mühüm yerlərdən birini tutmaqdadır. Əgər belə olmasaydı, Azərbaycanın Müdafiə nazirinin müavinin Pentaqonda, xüsusən də ABŞ Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən qəbulu və bu kimi addımlar bir sıra mühüm məsələlərin müzakirəsi həyata keçirilməzdi. Əvvəl də qeyd etmişdim, İranla yaranmış gərginlik fonunda belə bir qəbulun baş tutması həm əhəmiyyətlidir, həm də müəyyən mesajlar verir".
Nəzrin Demokrat.az


